Avstriyada ÇL hazırlığı “Sabah”da son durum

01.07.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah” tarixində ilk dəfə qatılacağı Çempionlar Liqasında mübarizəyə bir həftə sonra başlayacaq. “Bayquşlar” iyulun 7-də Uels təmsilçisi TNS ilə üz-üzə gələcək.

Tərəflər arasındakı ilk matç Bakıda, cavab görüşü Uelsdə olacaq.

“Sabah” yeni mövsümə hazırlıqlarını Avstriyada davam etdirir. Komanda bunadək iki yoxlama oyunu keçirib və qələbə qazana bilməyib. Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” əvvəlcə Rumıniya təmsilçisi “Universitatya Krayova”, daha sonra Macarıstanın “Ferentsvaroş” komandası ilə eynihesablı heç-heçə edib – 1:1.

“Futuristlər”in növbəti sınağı sabah “Polessye”yə (Ukrayna) qarşı olacaq.

Toplanışa davam edən “Sabah” transferlərdə də aktiv klublardandır. “Bayquşlar” artıq bir neçə oyunçusu ilə vidalaşıb, bəzi yeni futbolçularla da güclənib:

Gələnlər: Yunis Laçab (“Lill”, Fransa – icarə) Eyden Makkarti (son klubu – “Kayzer Çifs”, CAR), Junior Erivaldo Almeyda (“Maritumu”, Portuqaliya), Patrik Orfe Mbina (“Maribor”, Sloveniya)

Gedənlər: Cesse Sekidika, Pavol Şafranko, Nicat Mehbalıyev, Amin Seydiyev, Andrey Santos (“İberiya” (Gürcüstan) – icarə), İqor Noqeyra

Müqaviləsi artırılanlar: Velko Simiç, Coy-Lens Mikels, Stas Pokatilov, Tellur Mütəllimov, Patrik Orfe Mbina.

Gedənlər arasında tək braziliyalı Noqeyra itki sayıla bilər. Digərləri onsuz da kifayət qədər şans qazanmırdı. “Sabah” Noqeyranın yoxluğunu afrikalı yeni transfer Eden Makkarti ilə doldurmağa çalışacaq. Mərkəz müdafiəçi yeni mövsümdə Stiv Solvetlə birlikdə arxa xəttin əsas dayağı olacaq.

“Sabah” ötən mövsüm icarə əsasında heyətdə çıxış edən Velko Simiç, Patrik Mbina, Aaron Maluda kimi oyunçuların transfer hüquqlarını almaqla, bombardir Coy-Lens Mikelsi heyətdə saxlamaqla komandanın əsasını qorudu. Bəzi toxunuşlarla komanda yeni mövsümdə daha iddialı ola biləcək.

“Sabah” yoxlama matçlarından icmal təqdim etməməklə bir növ ÇL-dəki rəqib TNS üçün “sirli qutu” kimi qalmağa çalışır. Dambrauskasın oyun fəlsəfəsi az-çox məlumdur, lakin mütəxəssis ötən mövsüm də oyun gedişində ani dəyişikliklər və fərqli seçimlərə əl ata biləcəyini göstərib.

TNS avrokubok təcrübəsi baxımından “Sabah”ı üstələyə bilər, lakin “futuristlər”in imkanı və keyfiyyəti mərhələ adlamaq üçün bəs edəcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью