Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu barədə sərnişinlərə bildiriş göndəriləcək
Azərbaycanda avtobusla səfər etmək istəyənlər reys üzrə bilet almaq üçün axtarış zamanı boş yer olmayanda bildiriş funksiyasını aktivləşdirə bilərlər.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə “biletim.az” portalında yeni funksionallıq istifadəyə verilib. Yeni funksionallıq vasitəsilə həmin reys üzrə boş yer yarandığı təqdirdə, istifadəçiyə sistem üzərindən avtomatlaşdırılmış qaydada bildiriş göndəriləcək.
Xatırladaq ki, daha əvvəl portalda daha bir neçə funksionallıq istifadəyə verilib. Sərnişinlər şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan edərək məlumatları daha sürətli formada doldura bilərlər. Bu da bilet alışını daha tez həyata keçirməyə imkan verir.
İstifadəçi 5 şəxsiyyət vəsiqəsi və 5 xarici pasport məlumatlarını portala əlavə etmək imkanı da əldə edib.
Vətəndaşlar, həmçinin “biletim.az” tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə edə bilərlər.
Tətbiqə giriş zamanı “myGov ID ilə giriş” funksionallığı sayəsində isə istifadəçilər portala birbaşa və sürətli giriş imkanı əldə ediblər. Bunun sayəsində əvvəlcədən əldə edilən elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirməsi etmək mümkündür.
XQ