Avtobusda ən təhlükəsiz yer hansıdır?

28.11.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mütəxəssislər avtobusda düzgün oturacaq seçiminin sərnişinləri cibgirlərdən və narahatlıq yaradan yol yoldaşlarından necə qoruya biləcəyini açıqlayıblar.

Lent.az xəbər verir ki, avtobusda təhlükəsiz səyahət üçün ən etibarlı yerlərdən biri salonun ön hissəsində, keçidə yaxın oturacaqlardır. Buradan ətrafda baş verənləri asanlıqla müşahidə etmək və zərurət yarandıqda sürücüyə müraciət etmək mümkündür. Qapıların yaxınlığındakı oturacaqlar isə cibgirlər üçün əlverişli hesab olunur. Bu tövsiyələr əsasən Avropada təkbaşına səyahət edən, şəhərdaxili və şəhərlərarası avtobuslardan istifadə edən şəxslər üçün nəzərdə tutulub. Bəzi turistlər oğurluq və şəxsi təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən avtobusla səyahət etməkdən çəkinirlər.

Avtobusda hansı oturacaqları seçmək lazımdır?

Keçidə yaxın oturacaq sərnişinin digər insanların arasında sıxılıb qalmasının qarşısını alır. Yanınızda kobud davranan şəxs əyləşərsə, asanlıqla ayağa qalxıb yerinizi dəyişə bilərsiniz. Sürücüyə yaxın olmaq da vacibdir. Təhlükə yarandıqda ona məlumat vermək və ya avtobusu saxlamasını xahiş etmək mümkündür. İkimərtəbəli avtobuslarda isə mütəxəssislər aşağı mərtəbədə əyləşməyi tövsiyə edirlər. Ön oturacaqlar doludursa, digər sərnişinlərin yaxınlığında, lakin qapıdan uzaqda əyləşmək məsləhətdir. Çünki oğrular çantanızı, bel çantanızı və ya alış-veriş paketlərinizi götürərək qapılar bağlanmazdan əvvəl avtobusdan düşə bilərlər. Salonun orta hissəsində də oğurluq baş verə bilər. Lakin burada sərnişinin hadisəyə reaksiya vermək və kömək çağırmaq üçün daha çox vaxtı olur.

İzdihamlı avtobuslarda diqqətli olun

Cibgirlər əsasən turistlərin sıx olduğu ərazilərdə fəaliyyət göstərirlər. Məsələn, Eyfel qülləsinin ətrafı Fransada cibgirlik riskinin yüksək olduğu məkanlardan biri hesab edilir. Romada isə hətta “Cibgirlərin ekspresi” adlandırılan məşhur avtobus marşrutu var. İzdihamlı avtobuslar daha təhlükəsiz görünsə də, sıxlıq oğruların işini asanlaşdırır. Belə şəraitdə sərnişinin telefonunu və ya digər qiymətli əşyalarını hiss etdirmədən oğurlamaq mümkündür. Buna görə də daim insanların sizi itələmədiyi yerləri seçmək tövsiyə olunur.

Narahatlıq yaradan sərnişinlərdən necə qorunmalı?

Mütəxəssislər bildirirlər ki, qadınlar, irqi azlıqların nümayəndələri və LGBTİQ+ səyahətçilər təqib və qısnama halları ilə daha çox qarşılaşa bilərlər. Belə hallardan qorunmaq üçün insanlardan uzaqlaşmaq əvəzinə, yaxşı işıqlandırılmış və digər sərnişinlərə yaxın yerləri seçmək məsləhətdir. Həmçinin yanınızdakı şəxsin çıxışınıza mane ola biləcəyi oturacaqlardan uzaq durmaq lazımdır. Kimsə nalayiq davranarsa, buna yüksək səslə etiraz etmək və ətrafdakılardan kömək istəmək tövsiyə olunur. Ekspertlərin fikrincə, ən vacib məqam insanın öz intuisiyasına güvənməsidir. Əgər yanınızdakı sərnişin sizdə narahatlıq yaradırsa, şəxsi təhlükəsizliyinizi nəzakət qaydalarından üstün tutun. Heç kimə izahat vermədən ayağa qalxıb yerinizi dəyişə bilərsiniz.

Qeyd edək ki, bu tövsiyələr yol-nəqliyyat hadisələri zamanı deyil, oğurluq və qısnama hallarından qorunmaq baxımından ən təhlükəsiz oturacaqların seçilməsinə aiddir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью