Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı

27.11.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Bakıda avtobusdan düşərkən yerdə gördüyü sellofan torbanı götürən şəxs bir ay müddətinə inzibati qaydada həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, işləməyən şəxs Nərimanov rayonunda baş verən hadisəyə görə məsuliyyətə cəlb olunub.

Məhkəmə materiallarına əsasən, hadisə Ziya Bünyadov prospektində hərəkət edən 7A saylı avtobusda baş verib. Zərərçəkmiş şəxs avtobusla gedərkən içərisində 175 manat dəyərində avtomobil ehtiyat hissələri olan sellofan torbasının itdiyini görüb və polisə müraciət edib.

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs avtobusdan düşərkən yerdə gördüyü torbanı götürüb. O, məhkəmədə bildirib ki, torbanın sahibinin olmadığını düşünüb. İçərisinə baxdıqda dəmir olduğunu görərək onu yaxınlıqdakı zibil qabına atıb.

Təqsirləndirilən şəxs əməlini etiraf edib və peşman olduğunu bildirib. O, torbanın içərisindəki əşyaların avtomobil ehtiyat hissələri olduğunu bilmədiyini deyərək məhkəmədən yüngül cəza istəyib.

Nərimanov Rayon Məhkəməsi onun təqsirini etiraf etməsini və peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alsa da, əməlində inzibati xəta tərkibinin olduğunu müəyyən edib.

Nəticədə şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək bir ay müddətinə inzibati həbs edilib. Həbs müddəti saxlanıldığı gün saat 16:00-dan hesablanacaq.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью