Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Bir müddət əvvəl Bakıda quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydaları açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Yeni işıqforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.
Qeyd edək ki, xüsusi işıqforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində quraşdırılması nəzərdə tutulur. Layihəyə əsasən, mövcud "L" formalı dirəkdə "T" formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi işıqfor yerləşdiriləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, işıqforların tətbiqi avtobus zolaqlarının çəkilməsindən sonra zərurətə çevrilmişdi: "Çünki avtobus zolaqları adətən yolun sağ tərəfində, səkiyə paralel olan sağ hərəkət zolağında salınır. Lakin bəzi küçə və prospektlərdə avtobuslar ən sağ zolaqdan hərəkət edərək sola dönməli olurlar. Üzeyir Hacıbəyli, 28 May küçəsində, Azadlıq prospekti ilə kəsişmədə eyni problem var. Bir çox ərazilərdə bu problem mövcuddur. Biz bu məsələni ötən il Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə də müzakirə etmiş və müxtəlif təkliflər irəli sürmüşdük. Ekspertlərlə birlikdə müzakirədən sonra qərara gəldik ki, ən doğru variant işıqforla tənzimlənsin. Ən sağ zolaqda hərəkət eləyən avtobus sola manevr edərkən üç zolağı kəsməlidir. Dördzolaqlı yolda gedirsə, sola dönərkən üç zolağı kəsməlidir. Bu üç zolağı kəsərkən qəza riski, təhlükə, sıxlıq yaranacaq. Buna görə də bunu işıqforla tənzimləmək lazımdır".
Ekspertin sözlərinə görə, həmin vaxt avtobusların sağdan gəlib yolu kəsərək keçməsi, avtobus zolağının yol ayırıcısına təxminən 50 metr qalmış sola yönləndirilməsi və digər variantlarla bağlı müxtəlif təkliflər irəli sürülmüşdü:
"Biz düşündük ki, bu işıqforla tənzimləmə daha yaxşı variant ola bilər. Ona görə də həm AYNA, həm Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi bu qərara gəlib ki, bu T şəkilli işıqforla bunu tənzimləsin. Hüquqi, tətbiqi mexanizmin cəhətdən də hər hansı bir problem yoxdur, amma düşünürəm ki, bunun da təbliğatını aparmaq lazımdır. Sürücülərdə çaşqınlıq yaranmasın deyə, həmin işıqfordakı siqnalların yalnız avtobuslara, yoxsa ümumi nəqliyyata aid olduğu aydın göstərilməlidir. Sürücülər çaşqınlıq yaşayaraq qırmızı işıqda keçməsinlər, qaydaları pozmasınlar və avtobuslara nisbətdə düzgün davransınlar. Belə yanaşmalar da təbliğ olunmalıdır".
Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, avtobuslar üçün xüsusi zolaqların yaradılması ilə yanaşı, ictimai nəqliyyatın hərəkətini asanlaşdıran əlavə layihələrin də həyata keçirilməsi vacibdir. Bu baxımdan xüsusi işıqforların quraşdırılması vaxt itkisini azaltmaq və təhlükəsizliyi artırmaq baxımından müsbət addımdır.
Ekspert bildirib ki, avtobuslar üçün zolaqların təşkili ilə iş yekunlaşmır, bu nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən digər mexanizmlərə də ehtiyac var: "Avtobuslar üçün xüsusi zolaqların təşkili, yolların salınması və müvafiq prosedurların həyata keçirilməsi bir sıra layihələri zəruri edir. Çünki yalnız xüsusi zolaq yaratmaqla iş tamamlanmır. Bu istiqamətdə əlavə addımlar atılmalıdır. Onlardan biri də xüsusi işıqforların quraşdırılmasıdır".
A.Əsədovun fikrincə, avtobusların hərəkətinə mane olan amillər araşdırılmalı və onların aradan qaldırılması üçün müvafiq həll yolları tapılmalıdır. Xüsusi işıqforların tətbiqi digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaq məqsədi daşımır. Əksinə, bu sistem avtobusların öz zolaqları üzrə hərəkətini daha dəqiq tənzimləməyə xidmət edəcək: "İnsanlarda belə bir fikir yarana bilər ki, avtobuslar üçün xüsusi işıqforların quraşdırılması digər hərəkət iştirakçılarına çətinlik yaradacaq. Lakin məqsəd bu deyil. Həmin işıqforlar avtobusların öz zolaqları üzrə hərəkətini nizamlamaq üçündür. Avtobusların hərəkət qrafiki, vaxtı və istiqamətləri nəzərə alınmaqla işıqforların fəaliyyəti tənzimlənəcək".
Sevinc QARAYEVA