Avtobuslara üstünlük veriləcək: Bakı yollarında nə dəyişir?

19.11.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Bakıda ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsi və avtobusların yolayrıclarında vaxt itkisinin azaldılması məqsədilə yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, paytaxtda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq. Bu yeniliyin avtobusların hərəkətinə üstünlük verməklə ictimai nəqliyyatın səmərəliliyini artıracağı gözlənilir. Bəs avtobuslar üçün ayrıca işıqforların quraşdırılması paytaxt yollarında nəyi dəyişəcək? Bu addım tıxacların azalmasına, avtobusların hərəkət qrafikinə daha dəqiq əməl etməsinə və sərnişinlərin mənzilbaşına daha tez çatmasına necə təsir göstərəcək?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Avtobus zolaqlarının salınmasından sonra xüsusi svetoforların tətbiqi zərurətə çevrildi. Çünki bu zolaqlar adətən yolun ən sağında, səkiyə paralel təşkil olunur. Lakin elə küçə və prospektlər var ki, avtobuslar orada ən sağ zolaqdan sola dönməlidir:

"Məsələn, Üzeyir Hacıbəyov küçəsində, eləcə də 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində bu vəziyyət özünü qabarıq göstərirdi. Təxminən keçən il Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində ekspertlərlə bu məsələni müzakirə etdik və müxtəlif təkliflər səsləndirildi. Məsələn, avtobus zolağının yolayrıcına 50 metr qalmış sola yönləndirilməsindən tutmuş, digər zolaqları kəsərək keçməyə qədər təkliflər irəli sürüldü. Ancaq dördzolaqlı yolda ən sağdan sola manevr edən avtobus üç zolağı kəsməli olur. Bu isə həm qəza riskini artırır, həm təhlükə yaradır, həm də nəqliyyatın sıxlığına səbəb olur. Aparılan müzakirələrdən sonra ən doğru və təhlükəsiz həllin işıqforla tənzimləmə olduğu qənaətinə gəlindi. Hazırda həm AYNA, həm də Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bu prosesin məhz T-şəkilli svetoforlarla tənzimlənməsi qərarını dəstəkləyir".


Ekspert əlavə edib ki, məsələnin nə hüquqi, nə də tətbiqi mexanizmində hər hansı problem var:

"Bununla belə, hesab edirəm ki, maarifləndirmə və təbliğat işləri gücləndirilməlidir. Sürücülər işıqfor siqnallarının avtobuslara, yoxsa ümumi nəqliyyat axınına aid olduğunu aydın başa düşməlidirlər ki, çaşqınlıq yaranmasın, qırmızı işıqda keçmə kimi qayda pozuntularına yol verilməsin və sürücülər avtobuslara münasibətdə düzgün davransınlar".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью