Avtobuslarla bağlı elə bir yenilik ola bilər ki... Maraqlı detallar

29.01.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Avtobusların təyin olunan intervallarla hərəkət etməməsi ictimai nəqliyyatda əsas problemlərdən biri olaraq qalır. Bu sahədə müəyyən tədbirlər görülsə də, gecikmələr hələ də aradan qaldırılmayıb. Nəticədə sərnişinlər dayanacaqlarda uzun müddət gözləməli olur.

Problemi necə aradan qaldırmaq olar?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, avtobusların gecikməsinin əsas səbəblərindən biri sərnişinlərin yalnız ön qapıdan minməsidir:

“Bu hal dayanacaqlarda sıxlıq yaradır, minib-düşmə vaxtını uzadır və nəticədə avtobusların tranzit vaxtına, ümumi dövriyyəyə mənfi təsir göstərir. Problemin həlli istiqamətində bu ildən tətbiqinə başlanılan “Brutto müqavilələr”ə keçid mühüm addımdır və bu yanaşma bir sıra çətinlikləri aradan qaldıra bilər. Lakin sistemə tam keçid üçün bütün avtobus şəbəkəsində nağdsız ödənişin tətbiqi zəruridir. Bununla yanaşı, vahid bilet sisteminin – gündəlik, aylıq və illik bilet paketlərinin, güzəştli keçidlərin, o cümlədən bir nəqliyyat növündən digərinə 90 dəqiqəlik güzəştli tranzit imkanlarının tətbiqi vacibdir. Beynəlxalq təcrübədə artıq uzun illərdir avtobusların bütün qapılarında validatorlar (sərnişinlərin gediş haqqını ödədiklərini yoxlayan elektron cihaz) quraşdırılır. Nəzarət mexanizmi isə kontrolyorların (xüsusi nəzarətçilər) fəaliyyətinə əsaslanır. Onlar dayanacaqlarda avtobuslara minərək yoxlama aparır, validatorların işlək vəziyyətini yoxlayır və sərnişinlərin ödəniş edib-etmədiyini nəzarətdə saxlayırlar. Bu yoxlamalar fiziki olaraq qeydiyyata alınır və nəzarətçinin həmin avtobusda faktiki iştirakı sistemdə təsdiqlənir”.

Rauf Ağamirzəyev

Ekspert bildirib ki, avtobusdakı kameralar və yoxlama faktı əsasında sərnişinin ödəniş etmədən hərəkət etdiyi müəyyən olunarsa, ciddi cərimə sanksiyaları tətbiq edilir:

“Bu isə ödənişsiz istifadə hallarının qarşısını almaqda çəkindirici rol oynayır. Bu model Avropanın bir çox şəhərlərində, eləcə də Rusiya, Belarus, Gürcüstan və Ukraynada uğurla tətbiq olunur. Mövcud dövlət proqramına əsasən, potokontraktlara keçidin 2026-2028-ci illərdə tam reallaşdırılması nəzərdə tutulur. Bu prosesdə ən vacib mərhələ ictimai nəqliyyatın tam şəkildə nağdsız ödəniş sisteminə keçməsidir. Hazırda mövcud təxminən 2300 avtobusun təqribən 15 faizi hələ də nağd ödənişlə fəaliyyət göstərir. Məhz bunun daha sürətli şəkildə yenilənməsi və kartla ödənişə keçidi prioritet olmalıdır. Bu addımlar atıldıqdan sonra gündəlik, aylıq və illik bilet paketlərinin, güzəştli tariflərin, uzaq ərazilərdən gələn sərnişinlər üçün 90 dəqiqəlik pulsuz tranzit imkanlarının və bütün qapılardan minib-düşmə sisteminin tətbiqi mümkün olacaq. Nəticədə bir neçə problem eyni vaxtda həll ediləcək. Beləliklə, avtobusların hərəkət sürəti artacaq, sərnişin dövriyyəsi optimallaşacaq və ictimai nəqliyyat həm daha səmərəli, həm də daha sərfəli olacaq”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью