Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeron üzrə dairəvi dəmir yolu Bakının nəqliyyat xəritəsini dəyişəcək
“Bu gün keçirilən tədbirdə təqdim olunan xəritələrdə ən çox diqqətimi çəkən məqam relsli nəqliyyatın yenidən prioritetə çevrilməsi oldu”.
Bu sözləri “Sherg.az”a açıqlamasında nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirib. Xatırladaq ki, bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan “dəyirmi masa” keçirilib.
R.Ağamurzəev qeyd etdi ki, xüsusilə iki layihə ön plana çıxır. Keşlə yük – Böyükşor dəmir yolu xətti - Abşeron üzrə dairəvi dəmir yolu hərəkətinin formalaşması üçün vacib həlqədir. Bu, həm yük, həm də sərnişin daşımalarında sistemin daha səmərəli işləməsinə imkan verə bilər. İkincisi isə tramvayın Bakıya qaytarılması – şəhər üçün ekoloji, yüksək daşıma qabiliyyətli və davamlı nəqliyyatın yenidən gündəmə gəlməsi deməkdir:
- Bu yanaşma göstərir ki, Bakının nəqliyyat gələcəyi tədricən avtomobil yox, ictimai və relsli nəqliyyat üzərində qurulur. Tədbirdə bildirildi ki, Dövlət Proqramında qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır. Hazırda bu layihələrdən dördünün (Bilgəh – Novxanı – VAZ dairəsi – Xırdalan – M-4; Akademik Həsən Əliyev – “Koroğlu” metrostansiyası; Xaqani Rüstəmov – Ağa Nemətulla; VAZ dairəsi – M4 Şamaxı yolu) tikintisi icra edilir. Bu il daha 4 yolun (Məhəmməd Xiyabani – Dairəvi-1; M-4 – Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə – Ziya Bünyadov) tikintisinin başlaması nəzərdə tutulub. Tramvay xəttinin bərpası ilə əlaqədar da işlər görülüb. Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması razılaşdırılıb.