Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Almaniyanın avtomobil nəhəngi “Volkswagen”də böhran dərinləşməkdə davam edir. Şirkətin tələbatın azalması səbəbindən Osnabrück şəhərində yerləşən zavodunda istehsalı azaltmaq qərarı minlərlə işçinin gələcəyi ilə bağlı narahatlıqları artırıb.
Avtosfer.az xəbər verir ki, “Volkswagen” rəhbərliyi zavodda istehsalın mərhələli şəkildə azaldılacağını təsdiqləyib. Təxminən 2300 nəfərin çalışdığı müəssisənin gələcəyi isə hələ də qeyri-müəyyən olaraq qalır.
Şirkət sözçüsü bildirib ki, zavodda yay məzuniyyəti bir həftə uzadılacaq və istehsal qrafikində əlavə dəyişikliklər ediləcək. Qərarın əsas səbəbi kimi “T-Roc Cabriolet” modelinə olan tələbatın mövsümi şəkildə azalması göstərilib.
Qeyd olunub ki, kabriolet tipli avtomobillərə maraq adətən yaz və yay aylarında yüksək olur. İlin ikinci yarısında isə sifarişlərin sayı əhəmiyyətli dərəcədə azalır.
“Volkswagen” Qrupunun İş Şurası da açıqlamasında bildirib ki, “T-Roc Cabriolet” modelinin istehsal həcmini gələn ilin sentyabr ayına qədər saxlamağı nəzərdə tutan ilkin plan artıq qüvvədə deyil. Şura rəhbərliyi zavod əməkdaşlarına müəssisənin gələcəyi ilə bağlı aydın və konkret perspektiv təqdim etməyə çağırıb.
Məlumata görə, hazırda Osnabrück zavodunda istehsalın 2027-ci ildə tam başa çatdırılması nəzərdən keçirilir. Bu səbəbdən müəssisənin gələcək taleyi ilə bağlı müxtəlif variantlar dəyərləndirilir.
Beynəlxalq KİV-də yayılan məlumatlardan sonra “Volkswagen” zavodun gələcəyi ilə bağlı müdafiə sənayesi şirkətləri ilə danışıqlar apardığını təsdiqləyib. Bildirilir ki, müəssisənin potensial alıcıları arasında İsrailin müdafiə sənayesi şirkəti “Rafael Advanced Defense Systems” də var.
Lakin tərəflər arasında hələlik yekun razılıq əldə olunmayıb. Eyni zamanda, daha əvvəl zavoda maraq göstərdiyi bildirilən Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetallın” isə bu prosesdən geri çəkildiyi qeyd olunur.
Ekspertlər hesab edirlər ki, “Volkswagen”in bu addımı Avropa avtomobil sənayesində yaşanan struktur dəyişikliklərinin və bazardakı tələbat azalmasının növbəti göstəricisidir.
Eltac Zülfüqaroğlu