Avtomobil satmaq üçün saatlarla günün altında gəzməyə ehtiyac yoxdur, müştəri telefondan da alır

07.06.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Avtomobil bazarında bu gün çox maraqlı situasiya yaranıb. Xoşa gələn haldır ki, 2022-ci ildə ekoloji təmiz avtomobillərlə bağlı tətbiq edilən islahatlar ölkənin 86 faizi köhnəlmiş olan avtomobil parkının yenilənməsi ilə nəticələnib".

Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev 3 iyun tarixində Bakı Expo Mərkəzində keçirilən tədbirdə danışıb. Eyyub Əliyev bildirib ki, avtomobil bazarında yaşı 8-10 ildən yuxarı olan və mühərrik həcmi böyük olan avtomobil qiymətlərinin 30-35 faiz aşağı düşdüyünü görürük, bu da bazarın qiymətlərinin reallığa uyğun tənzimləməsidir: "Əvvəllər avtomobillərin qiyməti süni şəkildə formalaşırdı. Məsələn, 1990-cı illərin avtomobili bazarda 10 min manata təklif edilirdi. Bu da çox yüksək qiymət demək idi".

Eyyub Əliyev

Eyyub Əliyev vurğulayıb ki, bu gün qiymətləri bazar öz real şəkildə tənzimləyir.

Eyyub Əliyev həmçinin onlayn və birbaşa formatda şirkətlərin avtomobil satışı ilə məşğul olmasından da söz açıb. Sədr bildirib ki, daha əvvəlki kimi avtomobil satmaq üçün saatlarla günün altında gəzməyə ehtiyac yoxdur, avtomobil almaq istəyənlər bunu telefon vasitəsilə həyata keçirə bilir.

Eyyub Əliyevin fikrincə, müəyyən islahatlar keçirildikdən və güzəştlər tətbiq edildikdən sonra rəsmi distribyutorların işində müəyyən zəifləmələr müşahidə olunub.

"Günümüzün reallığı odur ki, müəyyən şəxslər də xaricdə avtomobil gətirərək ölkəmizdə satışı ilə məşğul olurlar. Buna paralel import deyilir. Buna görə də rəsmi distribyutorların işində zəifləmələr var. Ümumi baxsaq, avtomobil parkımız yenilənib"-deyə Eyyub Əliyev bildirib.

Bizimyol.info tədbirdən görüntüləri təqdim edir:

Orxan Musa - İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью