Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avtomobil sahibi olmaq bir çox insan üçün gündəlik həyatı asanlaşdırsa da, onun saxlanılması əlavə maliyyə xərcləri yaradır.
Yanacaq, sığorta, texniki xidmət, parklanma və digər ödənişlər avtomobil sahibinin aylıq büdcəsinə təsir edir.
Xüsusilə Bakıda avtomobildən hər gün istifadə edən şəxslər üçün bu xərclərin ümumi məbləği əhəmiyyətli ola bilər.
Maraqlıdır, 2026-cı ildə Azərbaycanda, xüsusilə Bakıda avtomobil saxlamaq üçün ayda nə qədər pul lazımdır?
AZXEBER.COM mövzunu araşdırıb.
Avtomobil sahibinin əsas xərclərindən biri yanacaqdır. Hazırda Azərbaycanda Aİ-92 markalı benzinin bir litri 1,15 manat, dizel yanacağının bir litri 1,10 manat, Aİ-95 markalı benzinin bir litri isə 1,60 manatdır.
Məsələn, hər 100 kilometrə orta hesabla 8 litr Aİ-92 benzini sərf edən avtomobil ay ərzində 1 000 kilometr yol qət edərsə, 80 litr yanacaq istifadə edəcək. Bir litr benzinin qiyməti 1,15 manat olduğuna görə aylıq yanacaq xərci 92 manat təşkil edəcək.
Eyni avtomobil ayda 1 500 kilometr yol gedərsə, yanacaq xərci 138 manata yüksələcək. Bu məbləğ avtomobilin yanacaq sərfiyyatından və sürücünün istifadə intensivliyindən asılı olaraq dəyişə bilər.
Avtomobil saxlanılarkən icbari sığorta xərci də nəzərə alınmalıdır. Sığorta haqqı avtomobilin mühərrik həcmi və digər müvafiq əmsallar nəzərə alınmaqla hesablanır.
Məsələn, 1 501-2 000 kubsantimetr mühərrik həcmli avtomobillər üçün baza sığorta haqqı 75 manatdır. Bu məbləğ aylıq hesabla 6 manat 25 qəpik edir. Lakin faktiki sığorta haqqı tətbiq olunan əmsallara görə fərqlənə bilər.
Digər xərc texniki baxışdır. Avtomobilin texniki baxışdan keçirilməsi üçün dövlət rüsumu 30 manatdır. Bu məbləğ aylıq hesabla 2 manat 50 qəpik edir. Avtomobilin xüsusiyyətlərindən asılı olaraq əlavə utilizasiya haqqı da yarana bilər.
Bakıda avtomobildən istifadə edən sürücülər üçün parklanma da əlavə xərc yaradır. Ödənişli parklanma tarifləri zonadan asılı olaraq saatda 30 qəpikdən 1 manata qədər dəyişir. Məsələn, sürücü iş günlərində avtomobilini gündə iki saat ödənişli parklanma yerində saxlayarsa, ayda 20 iş günü üçün parklanma xərci 12-40 manat arasında olacaq.
Avtomobilin texniki xidmət xərcləri də ümumi büdcəyə daxildir. Mühərrik yağının və filtrlərin dəyişdirilməsi, təkərlərin təmiri, əyləc sisteminə qulluq və ehtiyat hissələrinin alınması avtomobilin vəziyyətindən asılı olaraq əlavə xərc yaradır. Bu xərclər hər ay eyni olmasa da, onların qarşılanması üçün əvvəlcədən vəsait ayırmaq vacibdir.
Bu ssenaridə yanacaq üçün 92 manat, icbari sığortanın aylıq payı üçün 6 manat 25 qəpik, texniki xidmət və ehtiyat hissələri üçün 50 manat, avtomobilin yuyulması üçün 20-40 manat, parklanma üçün 12-40 manat, texniki baxış üçün isə aylıq hesabla 2 manat 50 qəpik nəzərdə tutulur.
Beləliklə, sadalanan xərclər üzrə avtomobilin aylıq saxlanma məbləği təxminən 183-231 manat təşkil edir.
Qeyd edək ki, bu, nümunəvi hesablamadır və rəsmi orta göstərici deyil. Texniki xidmət, avtomobil yuma və parklanma xərcləri sürücünün seçimindən asılı olaraq dəyişə bilər. Hesablamaya kredit ödənişi, iri təmir işləri, cərimələr və qəza nəticəsində yarana biləcək xərclər daxil deyil.
Avtomobildən daha çox istifadə edən, uzun məsafələr qət edən və ya yüksək yanacaq sərfiyyatına malik nəqliyyat vasitəsinə sahib olan şəxslərin aylıq xərcləri daha yüksək ola bilər.
Fəridə Əsədzadə