Avtomobil yolda qəfil sönsə, nə etməli? Ekspert açıqladı

19.06.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yollarda baş verən bəzi ağır qəzaların səbəblərindən biri də nəqliyyat vasitələrinin qəfil texniki nasazlıq səbəbindən hərəkətsiz qalmasıdır. Xüsusilə yay aylarında mühərrikin qızması, yanacaq nasosunun sıradan çıxması və ya digər texniki problemlər nəticəsində avtomobillər yolun hərəkət hissəsində dayanmalı olur. Belə hallarda sürücünün atmalı olduğu addımlar həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, avtomobil qəfil yaranan texniki nasazlıq səbəbindən dayana, yaxud qarşısına gözlənilmədən maneə çıxdığı üçün hərəkətini dayandırmaq məcburiyyətində qala bilər:
“Məhz buna görə də sürücülər hər zaman ara məsafəsi saxlamalıdırlar. Hər bir sürücü öz təcrübəsinə, idarə etdiyi nəqliyyat vasitəsinin xüsusiyyətlərinə və yol şəraitinə uyğun şəkildə təhlükəsiz ara məsafəsini müəyyən etməlidir. Əgər avtomobil texniki nasazlıq səbəbindən yolda qalarsa, sürücü ilk növbədə yaxınlıqda olan insanların köməyi ilə nəqliyyat vasitəsini yolun sağ zolağına və ya təhlükəsiz kənar hissəyə çəkməyə çalışmalıdır. Əgər bunu etmək mümkün deyilsə, bu zaman avtomobildə olan işıqqaytarıcı xəbərdarlıq üçbucağı yolun üzərində, avtomobilin arxa istiqamətində müəyyən məsafədə yerləşdirilməlidir ki, arxadan gələn sürücülər dayanmış nəqliyyat vasitəsindən vaxtında xəbərdar ola bilsinlər”.
O deyib ki, lakin real şəraitdə sürücünün bütün bu addımları saniyələr içində atması həmişə mümkün olmur:
“Bunun üçün müəyyən vaxt tələb olunur və proses kifayət qədər risklidir. Bu, eyni zamanda sürücünün öz həyatı üçün də ciddi təhlükə yarada bilər. Elə buna görə də Yol hərəkəti haqqında Qanun sürücülərdən yollarda təhlükəsiz ara məsafəsi saxlamağı tələb edir. Məqsəd odur ki, qarşıdakı nəqliyyat vasitəsi qəfil dayandıqda arxadan gələn avtomobillər toqquşmanın qarşısını ala bilsinlər. Sadaladığınız məqamlar da məhz yol hərəkəti təhlükəsizliyi baxımından ən vacib qaydalardandır”.
Beləliklə, yay aylarında avtomobillərin texniki sazlığına xüsusi diqqət yetirilməsi və yollarda hərəkət təhlükəsizliyi qaydalarına ciddi riayət olunması böyük əhəmiyyət kəsb edir. Sürücülərin qəfil yaranan nasazlıqlar zamanı soyuqqanlı şəkildə qəza dayanma nişanlarından istifadə etməsi və digər hərəkət iştirakçılarının qanunla müəyyən edilmiş ara məsafəsini qoruması potensial zəncirvari qəzaların qarşısını alan ən effektiv amildir. Təhlükəsizlik qaydalarına vaxtında və düzgün əməl edilməsi həm yolda qalan sürücünün, həm də sürətlə hərəkət edən digər insanların həyatını real təhlükələrdən qoruyur.
Leyla Turan
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью