Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Avtomobildə uzun müddət, xüsusilə günəş altında qalan su şüşəsi sağlamlıq üçün risk mənbəyinə çevrilə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əvvəllər içilmiş və isti şəraitdə saxlanılmış şüşədə mikroorqanizmlər çoxala bilər.
Moderator.az xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Vladimir Neronov bu barədə "Lenta.ru" nəşrinə açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, hər qurtum zamanı ağız boşluğundakı mikroorqanizmlər şüşəyə keçə bilər. Bundan əlavə, əllərdən və ətraf mühitdən də bakteriyalar suya düşə bilər. Xüsusilə avtomobilin salonunda temperatur 30–40 dərəcəyə çatdıqda mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yarana bilər.
Neronov bildirib ki, suyun nə qədər müddətdən sonra təhlükəli ola biləcəyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Risk saxlanma şəraitindən və şüşənin təmizliyindən asılıdır.
Mütəxəssis təkrar istifadə edilən su qablarının hər gün yaxşıca yuyulmasını və tam qurudulmasını tövsiyə edib. Əks halda, qabın daxili səthində bakteriyaların toplanmasına şərait yaradan biofilm təbəqəsi əmələ gələ bilər.
Həkim qeyd edib ki, açılmamış, zavod şəraitində möhürlənmiş su şüşələri çirklənmə baxımından daha təhlükəsizdir. Bununla belə, onların da düzgün saxlanılması vacibdir.
Qeyd edək ki, isti avtomobildə uzun müddət qalmış, xüsusilə açılmış və ya içilmiş suyu istehlak etməmək daha ehtiyatlı yanaşmadır.