Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əhmədli qəsəbəsində piyadanın sürücü ilə mübahisə zamanı avtomobilin üzərinə çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı ictimai rəydə piyadanın davranışına haqq qazandıranlar olsa da, qanunvericilik bu cür hallara fərqli yanaşır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Sahib Məmmədov bildirib ki, qanunvericiliyə əsasən sürücünün və piyadanın məsuliyyəti eyni dərəcədə qiymətləndirilmir.
Onun sözlərinə görə, sürücünün kobud davranışı müəyyən olunsa belə, bu halda məsuliyyət məhduddur:
“Əgər sürücünün piyadaların hərəkətinə mane olduğu sübuta yetirilərsə, o, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən uzaq başı 50 manat cərimə edilə bilər”.
Vəkil vurğulayıb ki, piyadanın avtomobilin üzərinə çıxması isə daha ağır hüquqi məsuliyyət yarada bilər:
“Piyadanın bu cür hərəkətləri artıq İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə uyğun olaraq qiymətləndirilir. Əgər 5 min manatdan çox olmayan, yəni az miqdarda ziyan vurulubsa, ziyanın bir misli ilə iki misli arasında cərimə tətbiq olunur”.
Sahib Məmmədov əlavə edib ki, vurulan ziyanın məbləği artdıqda məsələ inzibati xəta çərçivəsindən çıxaraq cinayət məsuliyyətinə çevrilə bilər:
“Daha böyük məbləğdə ziyan vurulduğu hallarda bu, artıq cinayət tərkibi yaradır və əməl vəziyyətdən asılı olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, yol hərəkəti zamanı emosional davranışlar həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilən ciddi hüquqi nəticələrə səbəb ola bilər.
Əfsanə Kamal
Demokrat.az
