Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
Çin avtonom nəqliyyat texnologiyalarının geniş tətbiqi istiqamətində sürətli addımlar atır. Ölkənin Quançjou və Şençjen şəhərlərində sürücüsüz taksilər artıq kommersiya əsaslı fəaliyyət göstərir, dronlar isə qəhvə, dərman və hətta təcili tibbi yardım avadanlıqlarının çatdırılmasında istifadə olunur.
“Euronews” bildirir ki, Çində pilotsuz nəqliyyat vasitələrinin sınaq mərhələsindən çıxarılaraq gündəlik həyatın bir hissəsinə çevrilməsi istiqamətində genişmiqyaslı proses gedir.
Quançjou və Şençjendə robotaksilərin fəaliyyət zonaları daha sıx məskunlaşmış və hərəkətin intensiv olduğu ərazilərə qədər genişləndirilib. Bununla belə, əsas məqsəd texnologiyanın yalnız müəyyən sınaq zonalarında deyil, daha böyük ərazilərdə təhlükəsiz və davamlı fəaliyyətini təmin etməkdir.
“Bizim avtomobil sənayemiz və yeni enerji nəqliyyat vasitələri sahəmiz dünyada lider mövqedədir. Bu, gələcəkdə avtonom idarəetmə texnologiyalarının genişmiqyaslı tətbiqi üçün güclü texniki baza yaradır”, – deyə WeRide şirkətinin vitse-prezidenti Li Yifan bildirib.
Avtonom nəqliyyatın inkişafı təkcə avtomobillərlə məhdudlaşmır. Şençjendə dronlar artıq parklardakı xüsusi köşklərə qəhvə çatdırır. Dronların tətbiqi daha vacib sahələri də əhatə edir. LowAlt Technologies şirkəti defibrilyatorların və dərman vasitələrinin dronlarla çatdırılması istiqamətində sınaqlar aparır. Bu texnologiya xüsusilə təcili tibbi yardımın vaxtında çatdırılmasının çətin olduğu ərazilər üçün əhəmiyyət daşıyır.
Mengtai Aerolink şirkəti isə ucqar kəndlərə və adalara xidmət göstərən dron çatdırılma sistemləri üzərində işləyir. Bu yanaşma nəqliyyat imkanlarının məhdud olduğu yaşayış məntəqələrində zəruri məhsul və xidmətlərə çıxışı asanlaşdırmağı hədəfləyir.
Lalə Mehralı