Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ev işləri, uşağın bağçaya, məktəbə aparıb-gətirməsi ilə yanaşı, market-bazar işlərini də həyat yoldaşına həvalə edən çoxsaylı kişilər var. Onlar ümumiyyətlə, bazarın, marketin yolunu tanımırlar.
Qadın səhər uşağın birini məktəbə, birini bağçaya qoyur. Tər-qanın içərisində evə qayıdır. Evi sahmana salır, yemək hazırlayır. Sonra da üz tutur bazara. Ağır yüklərlə evə qayıdır, onları yerbəyer edir. Və bir də hazırlaşıb uşaqların ardınca gedir.
Kişi isə axşam işdən qayıdır, əynini dəyişir, əyləşir televizorun önündə. Qarşısına yemək, çay gəlir. Bu arada uşaqlar səs-küy salanda, “ay qız, istirahət edirəm axı, uşağın səsini kəs də”,- deyir. Görəndə ki, yox, evdə narahat oldu, “yaxşı mən bir çıxım, fırlanım, gəlim”,- deyir. Və gedir ya çayxanaya, ya da idmana, filana. İki-üç saatdan sonra gəlir. Bu da onun bir günlük həyatı...
Hələ bu, harasıdır? Belə kişilərin ən acınacaqlı tərəfi isə olur ki, alış-verişdən xəbəri olmaya-olmaya hələ üstəlik pulun çox xərclənməsi davasını da edirlər. Qadın dillənəndə isə, “məgər bu, mənim vəzifəmdir, vəzifənin nə olduğunu niyə bilmirsən”,- deyirlər...
Lakin ər və arvad ən birincisi, bütün məsələlərə insani hisslərlə, yəni qarşılıqlı sayğı göstərməklə yanaşmalıdır. Qarşılıqlı hörmət olmayanda kişi qadına sayğı ilə yanaşmır, uşağı da, yükü də ona daşıtdırır, pulu cibində saxlayıb qadını xoşagəlməz vəziyyətdə saxlayır, qadının bir dəstə göyərti belə almağa hüququ, həm də pulu olmur, evdə bütün işlər qadının üzərinə yüklənir və sair. Belə olan halda isə söz-söhbət yaranır, narazılıqlar meydana çıxır. Söz-söhbət olmaması üçün qadın susduqda isə istər-istəməz ürəyində həyat yoldaşına qarşı soyuqluq yaranır. Çünki həyat yoldaşının ona sayğı duymaması onu içdən yaralayır.
Hörmətin qarşılıqlı olması isə uzunömürlü ailə deməkdir. Boşanmaların kulminasiyada olduğu bir dövrdən ötən illərə baxdıqda orada özünə “Qızıl toy”, “Brilyant toy”, “Gümüş toy” edən ailələri görürük. Bilirsiniz, o ailələr nə üçün belə uzunömürlü ola biliblər? Çünki sayğı, hörmət olub o ailələrdə. Ər beli götürəndə, qadın dırmığı götürüb, qadın ləyəni götürəndə, kişi vedrəni götürüb, qadın yemək hazırlayanda, kişi uşağı sakitləşdirib. Kişi arvadına həmişə xərclik verib, qadın isə o xərcliyi özünə deyil, evdə bir çatışmayana xərcləyib. Bazara da bir gediblər, toya da, yasa da. Birlik olublar ki, dirrikləri də olub.
Ona-buna az qulaq asın, ay insanlar. Ora-bura baxıb az yeni “qaydalar” öyrənin… Yaxşı-yaxşı düşünün, evinizdən, ailənizdən, bir-birinizdən hörməti, sayğını əsirgəməyin.
Ay kişilər, dəfələrlə görürük ki, yükü də qadına daşıtdıranlarınız var. Görürürk ki, kişi marketdə ərzaq dolu arabanı belə qadına sürdürür. Əli cibində kassaya yaxınlaşır. Burada isə ərzaqları qadın paketlərə yığır, kişi isə yekəxana şəkildə pul kisəsini çıxarır, ödəyir, vəssalam. Yükü daşımaq isə yenə qadının üzərində qalır. Kişi əgər uşaq yanlarında olarsa, ya onu qucağına alır, ya da əlindən tutur, vəzifəsinin yalnız bundan ibarət olduğunu düşünərək.
Lakin kişi həyat yoldaşının ağır yük götürməsinə yol verməməlidir. Əksinə, uşağı qadına verib, yükü götürməlidir. Və yaxud da uşağın əlindən qadın yapışmalı, yük çox olarsa, yüngülvari olandan birini də həyat yoldaşına kömək məqsədilə götürməlidir. Belə olan hal isə, hər kəs razılaşar ki, ən doğrusudur.
Onsuz da qadınlar cəfakeşdir. Ailədə yükün ağırı həmişə onların çiynindədir. Kişilər yükün birini onlara verməsə belə, qadın həyat yoldaşına kömək etməyə can atacaq. Belə isə kişilər də canıyanan olmalı, qadının evdə gün ərzində gördüyü işləri göz önünə gətirməklə onlara sayğı ilə yanaşmalıdır.
Unutmayaq, sayğı olan yerdə uzunömürlü ailə və onun dəyərləri var.
Mətanət Məmmədova