Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Amerikalı milyarder Ceff Bezosun sahibi olduğu "Blue Origin" şirkəti iki il müddətinə "New Shepard" kosmik turizm proqramını dondurur.
Reyting.az xəbər verir ki, bunu şirkətin təmsilçisi bildirib.
Kosmik turizm proqramının dondurulmasına səbəb kimi məşhur şirkətin NASA-nın "Artemis" proqramı çərçivəsində Ay missiyalarına hazırlaşması göstərilir.
"Blue Origin" bu kosmik layihə çərçivəsində NASA mütəxəssisləri ilə astronavtların Aya endirilməsi üçün eniş modulu hazırlamaqla bağlı 3,4 milyard dollar dəyərində müqavilə də imzalayıb. NASA rəhbərliyi həmçinin İlon Maska məxsus "SpaceX" kosmik şirkətinin qrafikdən geridə qalması səbəbindən, həm də "Artemis III" missiyasını sürətləndirmək məqsədilə "SpaceX" şirkəti ilə yanaşı, "Blue Origin" şirkətindən də bu sahədə alternativ həllər üzərində işləməyi xahiş edib.
Qeyd edək ki, ABŞ 2030-cu ilə qədər Ayda daimi baza ilə bərabər, nüvə reaktoru qurmağı da planlaşdırır. Prezident Donald Tramp bununla bağlı 2028-ci ilədək astronavtların Aya enməsini nəzərdə tutan fərman imzalayıb.
"New Shepard" kosmik raketi 2021-ci ildən bəri 38 uçuş həyata keçirməklə, 92 nəfəri suborbital uçuşla kosmosa apara bilib. Son uçuş isə ötən həftə olub. Şirkətin məlumatına görə, əldə edilən bu təcrübədən "New Glenn" adlanan yeni və ağır kosmik gəminin hazırlanmasında istifadə olunub.
Oqtay QORÇU