Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) yeni astronavtların seçimi üçün müraciət qəbuluna başlayıb. Seçiləcək namizədlər Ayda baza qurulması və Marsa ilk pilotlu uçuşların hazırlanmasında iştirak edəcəklər.
Modern.az “New York Post”a istinadla bildirir ki, astronavtların illik əməkhaqqı 164 min 395 dollar təşkil edəcək. Müraciətlər dekabrın 3-dək qəbul olunacaq.
Namizədlər ABŞ vətəndaşı olmalı, STEM sahələri üzrə magistr dərəcəsinə və ən azı üç illik peşəkar iş təcrübəsinə malik olmalıdırlar. Həmçinin tibbi müayinədən keçməli, liderlik, komanda işi və ünsiyyət bacarıqlarını nümayiş etdirməlidirlər.
Seçilən namizədlər Hyustondakı Conson Kosmik Mərkəzində ikiillik intensiv hazırlıq keçəcəklər. Təlim proqramına reaktiv təyyarələrin idarə edilməsi, robotlaşdırılmış manipulyatorlarla işləmək, açıq kosmosa çıxış və kosmik stansiyanın idarə olunması daxildir.
NASA-nın məlumatına görə, astronavtlar uzunmüddətli təcridə və yaxınlarından ayrı qalmağa da hazır olmalıdırlar. Bəzi missiyalarda bu müddət 12 ay və daha çox ola bilər.
Qeyd edək ki, NASA sonuncu dəfə 2024-cü ildə astronavt seçimi keçirib. Həmin vaxt 8 mindən çox müraciət arasından 10 namizəd seçilib.