Ayağını aşağı sal, Batista!

23.11.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorrada verdiyi müsahibəsində “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevi xeyli tərifləyib. Bəribaşdan deyim ki, tərifində haqlıdır və Ehtiram bəyin Tovuzda futbolun yenidən dirçəlməsində böyük xidməti var. Bunu heç kim dana bilməz. Görünən odur ki, AFFA ilə qərb klubu arasında yaranan buzlar əriyir, tərəflər dostlaşırlar. Yoxsa ilin-günün bu vaxtı Fərəcullayevin ağızından Quliyevlə bağlı belə təriflərin eşidilməsi mümkün olmazdı.

Hamımız yaxşı xatırlayırıq ki, zaman-zaman “Turan Tovuz” AFFA-nın və onun hakimlərinin ünvanına xeyli bəyanat səsləndirib, bir çox hallarda bu bəyanatlar sərtlik dozasını xeyli aşıb. Bu bəyanatlarda AFFA futbolun ədalət prinsiplərinin pozulmasında ittiham edilib. Elə şəxsən Ehtiram bəyin özü də belə ifadələrə müəlliflik edib, bəzi hallarda hakimlərin şəxsiyyətini belə hədəfə alıb. “Turan Tovuz”la AFFA arasındakı gərginlik təkcə “söz oyunu” və qarşılıqlı atışmalarla məhdudlaşmayıb. “Turan Tovuz” bazasının açılışına AFFA-dan qonaq dəvət etməməklə futbol qurumuna münasibətini açıq şəkildə də ortaya qoymuşdu.

Şükürlər olsun ki, “soyuq müharibə” başa çatıb və tərəflərin münasibətləri “istiləşib”. Bunun nə qədər səmimi olub-olmadığını demək çətindir. Amma görünən odur ki, “Turan Tovuz”un təzyiqləri bəhrəsini verib və hakimlər Ehtiram Quliyevin rəhbərlik etdiyi komandadan çəkinməyə başlayıblar. Onlar da “Ağam mənə kor deyib, gələn-gedəni vur deyib” prinsipiylə qarşılarına çıxan rəqibləri “sındırmaqla” məşğul olurlar. “Şamaxı” – “Turan Tovuz” oyununda baş verənlərə başqa ad qoymaq mümkün deyil. Şamaxıda keçirilən oyunda “Turan Tovuz”un futbolçusu Jo Batista “Şamaxı”nın oyunçusu Emin Rüstəmovu kürəyindən təpiklə elə zərbə vurdu ki, ekran başında bizim ürəyimiz ağzımıza gəldi. Amma oyunun baş hakimi Emin Əliyev Jo Batistaya vərəqə göstərməyi lazım bilmədi. Sözsüz ki, bu da hakimlərin “Turan Tovuz”un yaratdığı təzyiq mühitindən çəkinməsindən qaynaqlanır.

Emin Rüstəmovun anası namaz üstündəymiş ki, o təpik futbolçunun başına dəymədi. Yoxsa fəsadı daha ağır ola bilərdi. Heç bir ay deyil ki, İspaniyanın ikinci liqasında futbolçu ölümü yaşandı və bütün dünya yasa boğuldu. Məsəli Emin Rüstəmovdan uzaq. “Andorra”nın qapıçısı Xesus Ovono diziylə “Tenerife”nin Xesus de Migelin sinəsinə elə vurdu ki, 30 yaşlı hücumçunun ürəyi dayandı. Bu faciənin şokunu üzərimizdən atmamış Argentinada “Ezeiza”nın gənc futbolçusu Abel Nunyes meydanda aldığı xəsarətdən dünyasını dəyişdi. Böyük faciədir, Allah hər iki futbolçuya rəhmət eləsin.

Ümid edirəm ki, “Turan Tovuz”un futbolçularının aqressiyası bu həddə gəlib çatmayacaq. Gec olmadan Ehtiram Quliyev və onun ətrafında çalışan insanlar futbolçuları sakitləşdirməli, son aylarda baş verənləri onlara xatırlatmalıdır. Futbol milyonların sevimlisidir, amma ölüb-öldürmək oyunu deyil. “Turan Tovuz”un futbolçuları cəzasızlıq mühitində ayaq açır, rəqiblərinə təpik atır. Bunu hamımız dayandırmalıyıq. Jo Batistaya demək lazımdır ki, ayağını aşağı salsın. Əks halda fəsadı ağır olacaq, kimsə onun təpiyindən ciddi xəsarət alacaq. Vəziyyəti o həddə çatdırmayın!

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью