Ayaks çempion olmaq istəmir?

15.05.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Niderland çempionatında bu mövsüm qəribə hadisələr baş verməkdə davam edir.
''Football-plus.az'' xəbər verir ki, cəmi 1 ay öncə hər kəs ''Ayaks''ın asanlıqla çempion olacağını düşünürdü. Çünki 29-cu turdan sonra, yəni sona 5 tur qalmış ''Ayaks'' ən yaxın rəqibi PSV-dən 9 xal öndə idi! Amma sonradan Amsterdam nəhənginə nəsə oldu.
Komanda əvvəlcə ''Utrext''dən 4 cavabsız qol buraxmaqla darmadağın oldu. Sonra evdə ''Sparta'' ilə 1:1 bərabərə qaldı. ''Ağ-qırmızılar'' ötən həftəsonu evdə ''Neymegen''ə 0:3 uduzmaqla fanatlarını növbəti dəfə şoka saldı. Halbuki buna qədər ''Ayaks'' evdə 15 oyundan 12 qələbə, 3 heç-heçə ilə ayrılmışdı. Bütün bu turlar ərzində qələbələri sıralayan PSV 32-ci turda hətta səfərdə ''Feyenoord''la görüşdə 2 topluq geriliyi aradan qaldıraraq 3:2 qalib gəldi. 33-cü turda isə ''Ayaks'' yenə böhrandan çıxa bilmədi. Françesko Fariolinin komandası ''Qroningen'' ilə səfər matçında qələbəni 90+9-cu dəqiqədə əldən verdi (2:2). PSV isə ''Herakl'' üzərində 4:1-lik qələbə qazanaraq son tur ərəfəsində liderliyi ələ keçirdi!
Maraqlıdı ki, PSV özü də mövsümün gedişində 9 xallıq üstünlüyü əldən verməyə macal tapmışdı. 15-ci turdan sonra bu komanda ''Ayaks''dan məhz 9 xal öndə idi. Amma Eyndhoven nəhənginin növbəti 7 turda cəmi 1 qələbə qazanmasının, ''Ayaks''ın isə 14 turun 13-də qalib gəlməsinin ardından vəziyyət dəyişmişdi. Göründüyü kimi bu mövsüm erediviziyanın nəhəngləri çox enişli-yoxuşlu qrafik cızır.
Beləliklə, PSV son turda səfərdə ''Sparta''nı məğlub edəcəyi təqdirdə ardıcıl 2-ci, tarixinin 26-cı çempionluğunu qazanacaq. Artıq taleyi öz əlində olmayan ''Ayaks''ı isə son turda evdə ''Tvente'' ilə oyun gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью