“Ayaqlarım kəsilə bilərdi” Əməliyyat olunan Natiq Fərzəliyev

13.11.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranmışdı. O, özəl xəstəxanaların birində əməliyyat olunub evə buraxılmışdı.

Bakıvaxtı.az aktyorun hazırkı durumunu öyrənmək üçün onunla əlaqə saxlayıb.

Natiq Fərzəliyev bildirib ki, ayaqlarında qan dövranı pozulduğundan onların kəsilmək təhlükəsi yaranıb və bu səbəbdən ağır əməliyyat keçirməli olub.

“İnsan yaşlandıqca hər şey ola bilər. Mənim aşağı ətraflarımda, ayaqlarımda qan dövranı yaxşı işləmirdi. Buna görə də ayaqlarımın kəsilmək təhlükəsi yaranmışdı. Nəticədə ağır əməliyyat keçirməli oldum. Damarlarıma protez qoyuldu. Əməliyyatdan hələ bir ay da keçməyib. Hazırda evdəyəm, yavaş-yavaş sərbəst şəkildə ayağa qalxıb evdə gəzə bilirəm. Sadəcə, yaralarım və qarnımda tikişlər olduğu üçün bir qədər çətinlik çəkirəm”, - deyə sənətçi bildirib.

Natiq Fərzəliyev səhhətindəki problemlə əlaqədar bütün işlərini dayandırdığını, ayın sonuna qədər tamaşalarda iştirak edə bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, iş yoldaşları tamaşalarda onu əvəz edirlər.

Natiq Fərzəliyev: "Gözlədiyim bəzi adamlar zəng etmədi"

Aktyor bu müddətdə onunla maraqlanan və maraqlanmayan insanlardan da danışıb. O bildirib ki, çətin günlərində zəng edəcəyini gözlədiyi bəzi insanlar onun halını soruşmayıb, əksinə, heç gözləmədiyi şəxslər onunla maraqlanıblar.

“Bu müddətdə zəng edən də var, zəng etməyən də. Gözlədiyim insanlar da var, heç gözləmədiklərim də. Elə adamlar var ki, onlardan yüz faiz əmin idim, düşünürdüm ki, mütləq zəng edib halımı soruşacaqlar, amma maraqlanmadılar. Digər tərəfdən, heç gözləmədiyim insanlar mənimlə maraqlandılar. İstər qohum olsun, istər dost, istərsə də yaxın iş yoldaşı – çətin gündə kimin zəng etdiyini, kimin etmədiyini görürsən. Hamı sağ olsun. Zəng edənlərə də təşəkkür edirəm, Allah hər kəsdən razı olsun”, - deyə aktyor qeyd edib.

Sənətçi yaxın zamanda tam sağalacağına və yenidən ayaq üstə olacağına ümid etdiyini bildirib.

“Əsas odur ki, insanın özü ayaq üstə dura bilsin. İnşallah, yaxın zamanda tam ayağa qalxacağam və hər şey yaxşı olacaq”, - deyə Natiq Fərzəliyev vurğulayıb.

Günəş Mərd 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью