Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe cari ilin “Qızıl top” mükafatını qazanmaq üçün ən ideal zaman olduğunu açıqlayıb.
“Qafqazinfo” “As” nəşrinə istinadla xəbər verir ki, ulduz futbolçu iddiasını meydandakı göstəriciləri ilə sübut etdiyini bildirib.
“Məncə, bu il bu mükafatı almaq üçün tam şərait yaranıb. Mən nə qədər danışsam da, ayaqlarım mənim əvəzimə daha yaxşı danışır. Əsas odur ki, “Qızıl top” “Real”a – “Santyaqo Bernabeu”ya qayıtsın. Azarkeşlərimizə bu arzunu bəxş etmək üçün mükafat məhz buraya gəlməlidir”, - deyə Mbappe qeyd edib.
Qeyd edək ki, K. Mbappe 2025/26 mövsümündə La Liqada 25 qolla, Çempionlar Liqasında isə 15 qolla hər iki turnirin ən yaxşı bombardiri olub. Ümumilikdə fransalı hücumçu mövsüm ərzində çıxdığı 44 matçda 42 dəfə fərqlənib. O, 2024/25 mövsümündə isə karyerasında ilk dəfə “Qızıl çəkmə” mükafatına sahib çıxmışdı.
Xatırladaq ki, “France Football” tərəfindən təqdim edilən sözügedən nüfuzlu mükafatı 2025-ci ildə PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele qazanmışdı.