Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Günün sonunda ayaqqabınızın dar gəldiyini, corabın izinin ayağınızda qaldığını və ya topuq nahiyəsində şişkinlik yarandığını hiss etmisinizsə, bunu yalnız yorğunluqla əlaqələndirmək düzgün deyil.
Azpost.info-nun məlumatına görə, həkimlər bildirirlər ki, ayaqlarda şişkinlik bəzən sadə səbəblərdən yaransa da, bəzi hallarda ciddi sağlamlıq problemlərinin ilk əlaməti ola bilər.
Şişkinlik niyə yaranır?
Kardioloqların və damar cərrahlarının sözlərinə görə, uzun müddət ayaq üstə qalmaq və ya saatlarla oturaraq işləmək qan dövranını ləngidir. Bu zaman maye toxumalarda toplanır və ayaqlarda ödem əmələ gəlir. Yay aylarında yüksək temperatur damarların genişlənməsinə səbəb olduğundan bu problem daha çox müşahidə edilir.
Hansı xəstəliklərə işarə ola bilər?
Mütəxəssislər bildirirlər ki, davamlı şişkinlik aşağıdakı hallarla əlaqəli ola bilər:
Varikoz;
Ürək çatışmazlığı;
Böyrək xəstəlikləri;
Qaraciyər funksiyasının pozulması;
Qalxanabənzər vəzin bəzi problemləri.
Əgər şişkinlik yalnız bir ayaqda yaranır, ağrı və qızartı ilə müşayiət olunursa, təcili tibbi müayinə tövsiyə edilir.
Qarşısını necə almaq olar?
Həkimlər gün ərzində hərəkətsiz qalmamağı, kifayət qədər su qəbul etməyi, duzdan həddindən artıq istifadə etməməyi və axşam saatlarında ayaqları bir qədər yuxarı qaldıraraq dincəlməyi məsləhət görürlər.
Ekspertlərin fikrincə, davamlı və səbəbi bilinməyən şişkinlik mütləq həkim tərəfindən qiymətləndirilməlidir.
Sunay