Ayda nəhəng yeni krater aşkarlanıb

18.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NASA-nın “Lunar Reconnaissance Orbiter” (LRO) kosmik aparatı Ayın səthində son illərdə yaranmış ən böyük kraterlərdən birini aşkar edib.

“McGetchin” adlandırılan kraterin diametri 222 metr, dərinliyi isə təxminən 43 metrdir. Alimlərin hesablamalarına görə, bu çökəklik 2024-cü il aprelin 11-dən mayın 22-dək olan müddətdə asteroid və ya komet parçasının Ayın səthinə çırpılması nəticəsində yaranıb.

Tədqiqatçılar kraterə səbəb olan kosmik cismin təxminən 3–6 mərtəbəli bina ölçüsündə olduğunu ehtimal edirlər. Belə güclü zərbələrin Ayda təxminən 130 ildən bir baş verdiyi bildirilir.

Maraqlıdır ki, krater yaranandan dərhal sonra aşkar edilməyib. NASA-nın mütəxəssisi Robert Vaqner 2025-ci ilin oktyabrında LRO-nun çəkdiyi genişmiqyaslı görüntüləri müqayisə edərkən Ay səthində qeyri-adi parlaq ləkə və onun ətrafında tünd halqa görüb. Sonrakı yüksək dəqiqlikli görüntülər yeni kraterin ölçülərini təsdiqləyib.

Alimlər həmçinin kraterin ətrafında təxminən 6,4 kilometr enində daha soyuq ərazi müəyyən ediblər. Bu, zərbə nəticəsində Ayın üst qatındakı torpağın boşalması və istiliyi əvvəlki kimi saxlaya bilməməsi ilə əlaqələndirilir.

Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub. Alimlər bildirirlər ki, yeni kraterin öyrənilməsi Ayın səthində baş verən proseslərin və gələcək Ay missiyaları üçün mümkün zərbə risklərinin daha yaxşı anlaşılmasına kömək edə bilər.

Hazırladı:
Səadət Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью