Aydın Hüseynov: “Süni intellekt vasitəsilə saxta məlumatların...”

01.10.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir”.

Bu fikir Prezident İlham Əliyevin Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində yer alıb.

“Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir.

Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır.

Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir”, - deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, forum müxtəlif yanaşmaların bölüşülməsi, təcrübə mübadiləsinin aparılması və regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma kimi nəzərdə tutulub.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deputat Aydın Hüseynov bildirib ki, bu gün rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib:

“Hər gün televiziya, internet və sosial şəbəkələr vasitəsilə çoxlu məlumat əldə edirik. Lakin bu məlumatların hamısı doğru və etibarlı deyil. Bəzən saxta xəbərlər, yanlış paylaşımlar və qısa videolar insanları aldadaraq cəmiyyətdə çaşqınlıq yaradır.

Məhz Prezident İlham Əliyev də AQEM Media Forumunun iştirakçılarına müraciətində bu məsələyə xüsusi diqqət çəkib. O, dezinformasiyanın yayılmasının və süni intellekt vasitəsilə saxta məlumatların hazırlanmasının yaratdığı təhlükələrdən danışıb.

Müasir dövrdə saxta məlumatların yayılması ciddi problemlərdən biridir. Belə məlumatlar insanların düşüncəsinə təsir göstərə, cəmiyyətdə narahatlıq yarada və həqiqətin təhrif olunmasına səbəb ola bilər. Xüsusilə sosial şəbəkələrdə yayılan xəbərlərə diqqətlə yanaşmaq lazımdır”.

Deputat əlavə edib ki, hər bir insan məlumatı paylaşmazdan əvvəl onun mənbəyini və doğruluğunu yoxlamalıdır:

“Etibarlı mənbələrdən istifadə etmək və şübhəli xəbərlərə inanmamaq dezinformasiyanın qarşısını almağa kömək edir. Unutmamalıyıq ki, doğru informasiya cəmiyyətin inkişafı və insanların düzgün qərarlar qəbul etməsi üçün çox vacibdir.

Saxta məlumatlarla mübarizə yalnız jurnalistlərin və dövlət qurumlarının deyil, hər birimizin məsuliyyətidir. Həqiqəti qorumaq üçün ilk addım düzgün məlumatı seçməkdir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью