Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Bu gün musiqi dünyasında uğurun ölçüsü çox vaxt baxışlar, paylaşımlar və saniyələrlə müəyyənləşir. Mahnının hansı hissəsinin sosial şəbəkələrdə yayıldığı, neçə videoya fon olduğu ön plana keçir. Belə bir dövrdə böyük musiqi əsərlərinin trendlərə düşməsi isə nadir hadisəyə çevrilir.
Axşam.az xəbər verir ki, son zamanlar trendlərdə daha çox ritmi və asan yadda qalan hissələri ilə seçilən mahnılar diqqət çəkir. Bu mahnıların uğurunu kiçiltmək olmaz. Ancaq musiqi yalnız sürətli populyarlıqdan ibarət deyil. Bəzən bir əsərin arxasında dərin məna, duyğu və dinləyicinin ruhuna toxunan böyük bir hekayə dayanır.
Xalq artisti Aygün Kazımovanın “Bilirəm” mahnısı məhz bu baxımdan diqqət çəkir. Sözləri Leyla Əliyevaya, musiqisi Kamala məxsus olan əsər yayımlandığı andan dinləyicilərin marağına səbəb olub. Sevgi və duyğuların təsirli ifadəsi olan mahnı qısa zamanda dillər əzbərinə çevrilib, TikTok-da minlərlə videoda səslənib.
“Bilirəm, hər zaman sən yanımdasan, Yalan tanımayan o gözlərinlə. Sahilsiz sandığım sonsuz boşluqdan, Ruhum dilə gələr, hayqırar, inlər” misraları sanki ruhun hayqırtısıdır. Aygün Kazımovanın ifası isə bu sözlərin emosional yükünü dinləyiciyə çatdıraraq mahnının təsirini daha da artırır.
Əslində, “Bilirəm”in uğuru təkcə sosial şəbəkələrdə yayılması ilə ölçülmür. Bu mahnı dinləyicinin fərqli musiqi təqdimatına, dərin duyğular yaşadan əsərlərə də ehtiyac duyduğunu göstərir. Deməli, auditoriya yalnız ritmik, tez yayılan mahnıları deyil, qəlbinə toxunan musiqiləri də seçir.
Azərbaycan estradasının banisi Aygün Kazımova faktoru da burada yüksəkdik. Pop kraliça hər yeni layihəsi ilə fərqli musiqi yanaşmasını ortaya qoymağı, dinləyicisini təəccübləndirməyi bacarır. “Bilirəm” də onun yaradıcılığında xüsusi yer tutan işlərdən biridir.
Trendlər dəyişir, populyar səslər bir-birini əvəz edir. Yadda qalan mahnılar isə zamanla öz dəyərini sübut edir. Aygün Kazımova “Bilirəm”lə bir daha göstərdi ki, bəzən sənət trendə uyğunlaşmır, trendin özünə fərqli istiqamət verir. Pop kraliça bu dəfə də öz fərqini ortaya qoyaraq trendi öz arxasınca aparmağı bacardı.