Ayılar rusları seçkilərə getməyə qoymur...

19.09.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində seçkiyə getmək istəyən sakinlər üçün qeyri-adi təhlükəsizlik tədbiri görülüb. Şəhərdə ayıların yaşayış məntəqələrinə çıxması səbəbindən saat 19:00-dan komendant saatı tətbiq edildiyindən, axşam səs vermək istəyən seçicilər seçki məntəqələrinə xüsusi nəqliyyatla aparılacaqlar. 

Baykalsk administrasiyasının məlumatına görə, xüsusi nəqliyyat saat 19:00-dan 20:00-dək işləyəcək. Sakinlər əvvəlcədən müraciət etməli, avtomobil onları evlərindən götürərək seçki məntəqəsinə aparacaq və səsvermədən sonra yenidən evlərinə çatdıracaq. 

Moderator.az-ın "Kommersant" nəşrinin yazdığına görə,  şəhərdə komendant saatının tətbiqinə səbəb son günlər qonur ayıların yaşayış ərazilərinə daha tez-tez çıxmasıdır.

Saat 19:00-dan sonra sakinlərə küçələrdə, parklarda və meşə massivlərində olmaq qadağan edilib. Meşəyə və ucqar ərazilərə getmək də məhdudlaşdırılıb. 

Beləliklə, Baykalsk sakinləri üçün seçki günü axşam saatlarında seçki məntəqəsinə getməyin yolu da qeyri-adi olub: evdən xüsusi avtomobil, seçki məntəqəsi və yenidən evə dönüş.

Rusiya KİV-in yazdığına görə, İrkutsk vilayətinin bir sıra rayonlarında ayıların yaşayış məntəqələrinə çıxması ilə bağlı yüksək hazırlıq rejimi tətbiq edilib. Təkcə son sutkada vilayət üzrə ayıların görünməsi ilə bağlı 56 müraciət daxil olduğu bildirilir. 

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər 19–20 sentyabr 2026-cı il tarixlərində davam edir. Baykalskda isə ayı təhlükəsi səbəbindən axşam saatlarında seçicilərin hərəkəti xüsusi nəqliyyatla təmin olunur.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью