Aylardır davam edən su problemləri: Müraciətlərə əhəmiyyət verilmir

07.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Su təsərrüfatında boşluqlar xüsusilə yay aylarında özünü göstərir. Bakının və Abşeron yarımadasının müxtəlif yerləri susuz qalır. Elə problemlər var, aylardır həllini gözləyir. Amma su təsərrüfatına cavabdeh qurumlar müraciətlərə əhəmiyyət vermir.

Bizimyol.info xəbər verir ki, abonentlər sözünü Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə çatdıra bilmir. Qaynar xətt çevik işləmir, vətəndaşlar problemini dilə gətirməyə imkan tapmır. Sosial media hesablarında isə rəy bölümü bağlanıb. Agentliyə bu yolla axırıncı dəfə yayın əvvəllərində söz çatdırmaq mümkün idi. Sonradan dövlət qurumu “nəfəsliyi” bağlamaq qərarına gəldi.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hələlik abonentlərin söz yazmaq imkanının qarşısını almayıb. Amma şikayətlərə reaksiya yoxdur. Qobu yolundakı yaşayış massivində sı qıtlığı ilə bağlı onlarla rəy var. Nə problem həllini tapır, nə də reaksiya gözə dəyir.

Mirsarvan Əliyev söz açdığı problemin bir ildən çoxdur həllini gözlədiyini bildirir: “Aşağı Güzdək qəsəbəsində kərpic zavodu deyilən ərazidə magistral su kəmərinin keçdiyi borunun kənarından su axir. Qaynar xətt vasitəsilə dəfələrlə məlumat versəm də, vecinə alan yoxdur, düzəltmirlər. Gözəl, bəlağətli kəlmələrlə reklam çəkmək lazim deyil, əməli iş göstərmək lazımdır”.

Məhəmməd Knyazov da bir problemin aylarla həllini gözləyir: “Fevralın 26-dan bəri, yəni tam 6 aydır ki, Suraxanı rayonundakı həyətimizdə su qəzası baş verib. Aylardır tonlarla təmiz su boşa axır, həyətimiz, evimizin bünövrəsi su altında qalır, maddi və mənəvi ziyan çəkirik. Bu müddət ərzində “Azərsu”nun qaynar xəttinə dəfələrlə müraciət etmişik, rəsmi şikayətlər qeydə alınıb. Amma heç bir reaksiya yoxdur. Dəfələrlə Suraxanı Rayon Sukanal İdarəsinə zəng etmişik, idarənin rəisi Fərman müəllimə demək olar ki, hər saat zəng edib vəziyyəti izah edirik. Hər dəfə müraciət etməyimizə baxmayaraq, aidiyyəti qurumlar məsələyə tamamilə laqeyd yanaşır, gəlib qəzanı düzəltmirlər”.

Belə şikayətlərin sayı çoxdur. Amma su təsərrüfatına rəhbərlik edənlər abonentləri eşitməməyə üstünlük verirlər.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью