Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədilə istifadəyə verilən AYNA MaaS tətbiqinin fəaliyyəti ilə bağlı narazılıqlar var. Belə ki, bəzi hallarda tətbiqdə avtobusun gəlmə vaxtı göstərilsə də, nəqliyyat vasitəsi dayanacağa çatmır, daha sonra isə marşrut üzrə hərəkət edən avtobus tətbiqdə ümumiyyətlə görünmür.
Bəs AYNA MaaS tətbiqindəki bu uyğunsuzluqların səbəbi nədir? Sərnişinlərin vaxt itkisinin qarşısını almaq və tətbiqin etibarlılığını artırmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, AYNA MaaS tətbiqinə diqqəti artırmaq lazımdır:
"Çünki tətbiqin kifayət qədər istifadəçisi var və onun təkmilləşdirilməsi, müxtəlif nəqliyyat sistemləri ilə inteqrasiyası istiqamətində işlər görülməlidir. Hazırda tətbiqdən daha çox avtobus sərnişinləri istifadə edir. Ancaq mənim diqqət çəkmək istədiyim məqam digər nəqliyyat növləri üzrə də aktual və real məlumatların tətbiqdə yenilənməsidir.
Məsələn, dəmir yolu və metro sistemlərində hərəkət cədvəlləri nisbətən sabitdir. Bununla belə, dəmir yolu ilə bağlı dəyişikliklər tətbiqdə əks olunmur. Bəzi qatarlar ləğv edilib, yeni dayanacaqlar yaradılıb. Düşünürəm ki, insanlar AYNA MaaS-dan istifadə edirlərsə, tətbiqin bildiriş bölməsində mütəmadi olaraq yenilənmiş məlumatlar təqdim olunmalıdır. Həm avtobuslarla, həm dəmir yolu ilə bağlı dəyişikliklər, eləcə də metroda baş verən mümkün yeniliklər barədə istifadəçilərə məlumat verilməlidir ki, onlar səfərlərini real vaxt rejimində düzgün planlaşdıra bilsinlər".
Müsahibimiz vurğuladı ki, insanlar bildiriş vasitəsilə hər hansı dəyişiklik barədə məlumat aldıqda səfər planını və prioritetlərini yenidən nəzərdən keçirə bilirlər:
"Əvvəlcədən müəyyənləşdirilmiş hərəkət cədvəli ilə yanaşı, müxtəlif səbəblərdən yaranan dəyişikliklər də nəzərə alınmalıdır. Məsələn, nəqliyyat vasitəsində texniki problem yarana və ya gecikmə baş verə bilər. Bu hallar sərnişin sıxlığına da təsir göstərir. Belə riskləri qiymətləndirmək üçün məlumatlar daim yenilənməli və istifadəçilərə vaxtında çatdırılmalıdır. Digər tərəfdən, son iki ay ərzində xətlərin ayrılması layihəsi çərçivəsində 28 May Nəqliyyat Mübadilə Mərkəzində bir çox avtobusun son dayanacağı dəyişdirilib. Əvvəllər həmin mərkəzdən keçən bəzi avtobuslar indi yaxınlıqdakı küçələrlə hərəkət edir. Bu da aktual məlumatların tətbiqdə vaxtında yenilənməsinin vacibliyini göstərir. M-indeksli avtobuslar artıq təxminən iki aydır fəaliyyət göstərir və onların da tətbiqdə əks olunması vacibdir".
Onun sözlərinə görə, brutto-müqavilə modelinə keçidlə bağlı da artıq elan verilib. Bu baxımdan, avtobusların izlənməsi və hərəkət trayektoriyalarındakı dəyişikliklərin tətbiqdə əks olunması kimi məsələlər öz həllini tapmalıdır.
"Əgər insanlara belə bir tətbiq təqdim olunursa, oradakı məlumatlar da aktual olmalıdır. Problemin kökü araşdırılmalıdır. Avtobuslarda GPS avadanlığı yoxdursa, onlar bu sistemlə təmin edilməlidir. GPS mövcuddursa, lakin siqnal ötürülmürsə və ya avtobuslar başqa səbəbdən tətbiqdə görünmürsə, bu hallar daim nəzarətdə saxlanılmalıdır. İnsanların tətbiq vasitəsilə səfərlərini izləmək və planlaşdırmaq imkanları daha da yaxşılaşdırılmalıdır. Düşünürəm ki, bu, illərdir gözlənilən bir tətbiq idi. Bir çox şəhərdə belə sistemlər mövcuddur, lakin Bakıda indiyədək müxtəlif nəqliyyat növlərini vahid platformada birləşdirən belə bir həll yox idi. Əvvəlki nümunələr ya saytlar üzərindən fəaliyyət göstərirdi, ya da yalnız bir daşıyıcını əhatə edirdi. Sonradan digər daşıyıcılar da bu sistemlərə qoşuldu.
AYNA MaaS-ın üstünlüyü ondan ibarətdir ki, müxtəlif nəqliyyat növləri vahid platformada təqdim olunur. Bu, sərnişinlər üçün mühüm üstünlükdür. Ancaq tətbiqin imkanlarının daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilməlidir. Tətbiqdə mikromobillik imkanları da nəzərdə tutulub. Bu sahədə şəbəkə genişlənir, dayanacaqların sayı artır. Buna uyğun olaraq mikromobillik xidmətləri ilə bağlı məlumatlar da vaxtında yenilənməlidir. Avtobusların hərəkəti tətbiqdə artıq əks olunur, lakin bu sistemin də təkmilləşdirilməsinə ehtiyac var. Dəmir yolu ilə bağlı qeyd etdiyim problemlər aradan qaldırılmalı, metro üzrə məlumatların aktuallığı da təmin edilməlidir", - deyə Rauf Ağamirzəyev yekunlaşdırdı.
NURİYYƏ