Icma.az, Moderator.az saytına istinadən bildirir.
II hİssə: Taksi sürücülərinin digər problemləri, əlavə tələblər və inzibati çətinliklər...
“Macarıstanda taksi fəaliyyəti üçün sahibkarlıq icazəsi 5 il müddətinə verilir və şərtlər qorunduğu halda yenidən 5 il uzadılır...”
“AYNA, Bakı Şəhər İcra Hakimiyyəti və DİN metro stansiyalarının, iri ticarət obyektlərinin və digər mühüm məkanların yaxınlığında xüsusi taksi dayanacaqları yaratmalıdır...”
Azərbaycanda, xüsusilə Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin narazılıqları son illər artıb. Yeni tələblər, məhdudiyyətlər, vergi və sığorta ödənişləri, texniki müayinə xərcləri, taksi platformalarının komissiyaları və aşağı sifariş qiymətləri sürücülərin gündəlik qazancına birbaşa təsir göstərir.
Taksi sektorunda təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəldilməsi vacibdir. Lakin bu məqsədlə tətbiq edilən qaydalar sürücülərin iqtisadi imkanlarını da nəzərə almalı, əlavə və əsassız maliyyə yükü yaratmamalıdır.
Moderator.az son dövrdə taksi sürücülərinin şikayətləri, KİV-də dərc olunan materiallar, həmçinin sosial mediada işıqlandırılan narazılıqların monitorinqini apararaq sürücülərin bilavasitə qazancına və gündəlik dolanışığına birbaşa təsir edən əsas problemləri üzə çıxarıb və mövcu qanunvericilik, qayda və mexanizmlərə uyğun olaraq onların mümkün həll yollarını araşdırmağa çalışıb.
(I Hissə burada:)
Taksi sürücülərinin gündəlik qazancına birbaşa təsir edən məsələlərlə yanaşı, fəaliyyətlərini təşkil etməyə, avtomobillərini istismara buraxmağa və sərnişinlərlə işləməyə mane olan digər problemlər də mövcuddur. Bu məsələlərin bir qismi qanunvericiliyin tələblərindən irəli gəlir, digər qismi isə həmin qaydaların tətbiqi zamanı yaranan çətinliklərlə bağlıdır.
1. Kvota və qeydiyyat növbələrində yaranan problemlər
2025-ci ildə Bakıda taksi avtomobillərinin sayına 25 minlik kvota tətbiqi qeydiyyat prosesində narazılıqlar yaradıb. Sürücülər uzun növbələrdən, elektron sistemdə ləngimələrdən və fərdi sahibkarların iri şirkətlərlə müqayisədə çətin vəziyyətə düşməsindən şikayət ediblər.
2025-ci ilin oktyabrında Avtovağzal ərazisində yaranan növbələr mediada da işıqlandırılıb. Bəzi sürücülər ayrı-ayrı şirkətlərə üstünlük verildiyini iddia ediblər. Bu iddialar rəsmi şəkildə təsdiqlənmiş fakt kimi qiymətləndirilməməlidir.
Həll yolu:
AYNA müraciətlərin növbəliliyini, boş yerləri, qəbul və imtina qərarlarını elektron sistemdə şəffaf göstərməlidir. Sürücülər üçün müraciətlərə etiraz və qərarlardan şikayət mexanizmi sadələşdirilməlidir.
2. Taksilər üçün fərqlənmə nişanının alınması ilə bağlı narazılıqlar...
Taksi fəaliyyəti ilə məşğul olan sürücülərin narazılıq doğuran məsələlərindən biri də fərqlənmə nişanının alınması və onun rəsmiləşdirilməsi prosedurudur. Qanunvericiliyə əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslər hər bir avtomobil üçün fərqlənmə nişanı almalıdırlar. Bu tələb Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
Fərqlənmə nişanının alınması üçün sürücünün VÖEN-i, avtomobil üzrə taksi fəaliyyəti üçün tələb olunan buraxılış kartı və müvafiq vergi və sığorta ödənişlərinin həyata keçirilməsi tələb olunur. Müraciət AYNA-nın elektron xidmət portalı vasitəsilə edilir. Qanunvericiliyə görə, düzgün rəsmiləşdirilmiş müraciət əsasında fərqlənmə nişanı iki iş günündən gec olmayaraq verilməlidir. Vergi Məcəlləsi nişanın növbəti ay, rüb, yarımil və ya bir il üçün alınmasına imkan verir. Sürücülər sonradan problem yaşamamaq üçün müraciət zamanı avtomobilin dövlət qeydiyyat nişanının düzgün göstərilməsinə, ödənişlərin vaxtında və düzgün həyata keçirilməsinə, elektron müraciətin statusunun yoxlanılmasına diqqət yetirməlidirlər.
2026-cı ilin oktyabrında mediada sürücülərin fərqlənmə nişanının alınması ilə bağlı çətinlikləri yenidən gündəmə gətirilib. Bəzi sürücülər bir aylıq fərqlənmə nişanının alınması üçün bir həftədən artıq gözləməli olduqlarını, bunun isə onların bir neçə gün işləyə bilməməsinə və gəlirlərinin azalmasına səbəb olduğunu bildiriblər. AYNA isə açıqlamasında nişanın qanunvericiliyə əsasən iki iş günü ərzində verildiyini və indiyədək bu müddətin aşılması halının qeydə alınmadığını bildirib. Agentlik gecikmənin bəzi hallarda ödənişin vaxtında həyata keçirilməməsi və ya uğursuz ödəniş nəticəsində müraciətin sistemdə tamamlanmaması ilə bağlı ola biləcəyini qeyd edib...
Narazılıqlar yalnız sənədin gec verilməsi ilə məhdudlaşmır. Sürücülərin diqqət çəkdiyi digər məsələlərə elektron sistemdə yaranan texniki çətinliklər, işlədilməyən avtomobil üçün ödəniş məsələsinin aydın olmaması, aylıq rəsmiləşdirmənin yaratdığı əlavə inzibati yük, vergi və sosial sığorta ödənişlərinin maliyyə baxımından ağırlığı daxildir. Xüsusilə avtomobilin təmirdə olduğu, sürücünün xəstələndiyi və ya müəyyən müddət fəaliyyət göstərmədiyi hallarda ödəniş və nişanın qüvvəsinin dayandırılması məsələlərinin aydın tənzimlənməsinə ehtiyac var...
AYNA-nın digər açıqlamasında Bakı şəhəri üzrə 40 mindən çox buraxılış kartının mövcud olduğu, gündəlik sərnişindaşıma həyata keçirən avtomobillərin sayının isə təxminən 23–24 min təşkil etdiyi bildirilib. Agentlik fərqlənmə nişanı olmadan taksi fəaliyyəti göstərilməsinin qanunvericiliyə uyğun olmadığını vurğulayıb. Bu baxımdan, nişanın alınması tələbinin sürücülərə əvvəlcədən aydın izah edilməsi və rəsmiləşdirmə prosesində yarana biləcək problemlərin operativ həlli xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq təcrübə və mümkün həll yolları...
Müasir inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, taksi fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi üçün icazə və fərqləndirici nişanların tez-tez yenilənməsi mütləq şərt deyil. Məsələn, Böyük Britaniyada taksi avtomobilləri üçün fəaliyyət icazəsi, bir qayda olaraq, bir il müddətinə verilir. London şəhərində də taksi avtomobilinin lisenziyası 12 ay qüvvədə olur. Nyu-Yorkda isə avtomobilin fəaliyyət icazəsi bir ildən iki ilədək müddətə verilə bilər. Fransada yeni qaydalar əsasında verilən taksi fəaliyyət icazəsi 5 il müddətinə verilir. Bu ölkələrdə nəzarət əsasən avtomobilin texniki vəziyyətinin, sığortasının, təhlükəsizlik tələblərinin və lisenziyanın qüvvədə olmasının yoxlanılması yolu ilə həyata keçirilir. Macarıstanda taksi fəaliyyəti üçün sahibkarlıq icazəsi 5 il müddətinə verilir və şərtlər qorunduğu halda yenidən 5 il uzadılır. Bu da o deməkdir ki, avtomatik və ya şərtlərə uyğun təkrar uzadılma mexanizmi ilə fəaliyyət uzun müddət davam etdirilə bilər...
Bu təcrübələrdən Azərbaycanda da yararlanmaq mümkündür. Fərqlənmə nişanının daha uzun müddətə, məsələn, iki il üçün rəsmiləşdirilməsi, vergi və sosial sığorta ödənişlərinin isə aylıq qaydada ayrıca həyata keçirilməsi proseduru sadələşdirə bilər. Beləliklə, sürücü hər ay yenidən sənəd almaq və elektron müraciət prosedurundan keçmək məcburiyyətində qalmaz, dövlət isə vergi daxilolmalarına və taksi fəaliyyətinə elektron nəzarəti davam etdirə bilər.
Digər mühüm məsələ avtomobilin müvəqqəti olaraq fəaliyyətdən kənarlaşdırılması ilə bağlıdır. Sürücü avtomobili işlətmədiyi, təmirə verdiyi və ya müəyyən müddət taksi fəaliyyəti göstərmədiyi halda bunu elektron qaydada bildirmək, nişanın qüvvəsini müvəqqəti dayandırmaq və həmin dövr üzrə ödənişlərin hesablanmasını qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimləmək imkanına malik olmalıdır. Bunun üçün AYNA və Dövlət Vergi Xidməti arasında vahid elektron məlumat mübadiləsi mexanizminin yaradılması məqsədəuyğun olardı...
Eyni zamanda, fərqlənmə nişanının verilməsi üçün nəzərdə tutulan iki iş günlük müddətin faktiki olaraq təmin edilməsi, ödənişin sistemdə dərhal tanınması, texniki nasazlıq yarandıqda alternativ müraciət mexanizminin tətbiqi və gecikmələrlə bağlı şikayətlərin operativ araşdırılması vacibdir. Sürücülərdən qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənəd və ödənişlərin tələb edilməsinə yol verilməməlidir.
Həll yolu:
AYNA və Dövlət Vergi Xidməti fərqlənmə nişanının alınması, ödənişlərin hesablanması, müddətlərin seçilməsi və fəaliyyətin müvəqqəti dayandırılması qaydalarını sürücülər üçün sadə və anlaşıqlı formada izah etməlidir. Eyni zamanda, fərqlənmə nişanının birillik müddətə verilməsi, vergi və sığorta ödənişlərinin aylıq qaydada həyata keçirilməsi, avtomobil işləmədiyi dövr üçün ödənişlərin tənzimlənməsi və sənədin elektron qaydada daha qısa müddətdə rəsmiləşdirilməsi imkanları nəzərdən keçirilməlidir. Bu yanaşma həm dövlət nəzarətinin saxlanmasına, həm də taksi sürücülərinin əlavə inzibati və maliyyə yükünün azaldılmasına xidmət edə bilər...
3. Taksi dayanacaqlarının və sərnişin mindirmə yerlərinin çatışmazlığı...
Sürücülər metro stansiyaları, ticarət mərkəzləri, xəstəxanalar, hava limanı və digər sərnişin axınının çox olduğu ərazilərdə avtomobili saxlamaq üçün uyğun yerlərin çatışmadığından şikayət edirlər. Digər tərəfdən, yol hərəkəti qaydalarının pozulmasına görə sürücülər cərimələnirlər. Taksi fəaliyyəti üçün icazənin olması avtomobili qadağan olunmuş yerdə saxlamaq hüququ vermir...
Həll yolu:
AYNA, Bakı Şəhər İcra Hakimiyyəti və DİN metro stansiyalarının, iri ticarət obyektlərinin və digər mühüm məkanların yaxınlığında xüsusi taksi dayanacaqları yaratmalıdır. Sərnişinin mindirilməsi və düşürülməsi üçün qısamüddətli dayanma yerləri təşkil olunmalıdır...
4. Sürücülərin platformalar tərəfindən bloklanması...
Taksi sürücüləri sifariş platformalarında hesablarının bəzən xəbərdarlıq edilmədən bloklandığını, sifariş qəbul etmək imkanlarını itirdiklərini və bəzi hallarda balanslarında olan vəsaitin gecikdirildiyini bildirirlər. Bu məsələ xüsusilə həmin platformadan əsas gəlir mənbəyi kimi istifadə edən sürücülər üçün ciddi problem yaradır.
Platformaların müqavilə əsasında hesabı məhdudlaşdırmaq hüququ ola bilər. Lakin bu hüquq əsassız və qeyri-şəffaf qərarlar qəbul etmək imkanı vermir...
Həll yolu:
Platformalar bloklanmanın səbəbini sürücüyə bildirməli, etiraz və yenidən baxılma mexanizmi yaratmalıdır. AYNA və Antiinhisar Agentliyi bu sahədə sürücülərin hüquqlarının qorunmasına nəzarət etməlidir...
5. Sürücülərin iş və istirahət rejimi...
Gəlirin az olması səbəbindən bəzi sürücülər gündə uzun saatlar işləməyə məcbur qalırlar. Bu isə yorğunluq, diqqətin azalması və yol-nəqliyyat hadisələri riskini artırır. Qanunvericilik taksi sifarişi operatorlarının sürücülərin iş və istirahət rejimi barədə məlumatları AYNA informasiya sisteminə ötürməsini nəzərdə tutur.
Həll yolu:
AYNA platformalardan bu məlumatların düzgün ötürülməsini tələb etməli, uzunmüddətli fasiləsiz işin qarşısını alan xəbərdarlıq mexanizmləri yaratmalıdır...
6. Videokamera, POS-terminal və digər texniki tələblər…
Taksi avtomobilləri üçün videokamera, POS-terminal, taksometr və digər texniki avadanlıqlarla bağlı tələblər mövcuddur. Bunlar sərnişin təhlükəsizliyi və xidmətin şəffaflığı baxımından müəyyən əsaslara malikdir. Lakin sürücülər üçün həmin avadanlıqların alınması və quraşdırılması əlavə xərc yaradır.
Həll yolu:
AYNA texniki avadanlıqların minimum standartlarını və uyğunluq tələblərini açıq dərc etməli, sürücülərin yalnız konkret satıcıdan və ya şirkətdən avadanlıq almağa məcbur edilməsinin qarşısını almalıdır. Videokameralardakı görüntülərin saxlanması və istifadəsi fərdi məlumatların qorunması qanunvericiliyinə uyğun olmalıdır…
7. Təlim və imtahan tələbləri…
Taksi sürücülərinin xüsusi hazırlıq keçməsi və müvafiq şəhadətnamə əldə etməsi tələb olunur. Bu, sərnişin təhlükəsizliyi, xidmət mədəniyyəti və yol hərəkəti qaydaları baxımından əsaslandırıla bilər. Lakin təlim və imtahan prosesinin qiyməti, keçirildiyi müəssisələr və qeydiyyat prosedurları sürücülər üçün əlçatan olmalıdır.
Həll yolu:
AYNA təlim və imtahan mərkəzlərinin siyahısını, qiymətləri, imtahan qaydalarını və nəticələrə etiraz prosedurunu ictimaiyyətə təqdim etməlidir. Sürücülərin alternativ təlim müəssisələri seçmək imkanları təmin olunmalıdır…
II hissə üzrə nəticə:
Bu problemlər birinci hissədə sadalanan iqtisadi çətinliklərlə müqayisədə daha çox inzibati idarəetmə, xidmət infrastrukturu və fəaliyyət qaydalarının tətbiqi ilə əlaqədardır. Onların həlli üçün AYNA-nın elektron xidmətləri təkmilləşdirməsi, taksi dayanacaqlarının artırılması, platformaların fəaliyyətinə nəzarətin gücləndirilməsi və sürücülərin müraciətlərinə operativ baxılması vacibdir.
Ümumi yekun
Taksi sektorunda dövlətin əsas məqsədi təhlükəsiz və keyfiyyətli sərnişindaşımanı təmin etmək olmalıdır. Bununla yanaşı, taksi sürücüsü də öz avtomobili, vaxtı və əməyi hesabına gəlir əldə edən fərdi sahibkardır və onun iqtisadi maraqları qorunmalıdır. Bu səbəbdən AYNA və digər aidiyyəti qurumlar ilk növbədə sürücülərin avtomobilini dəyişmək imkanını, vergi və sığorta yükünü, texniki müayinə ödənişlərini, platforma komissiyalarını və kvota mexanizmini araşdırmalıdır.
Taksi sektorunda qaydaların sərtləşdirilməsi ilə yanaşı, həmin qaydaların tətbiqindən yaranan xərclərin və inzibati maneələrin də ədalətli şəkildə tənzimlənməsi vacibdir.
Növbəti yazılarımızda ümumiyyətlə adi sürücülərin, ictimai nəqliyyatın və ayrıca taksi sürücülərinin problem və şikayətləri barədə bilavasitə nəqliyyat ekspertlərinin fikirlərini də öyrənməyə çalışacağıq.
Hazırladı:
Sultan Laçın
Qeyd:
Materialda adları çəkilən qurumlar, həmçinin taksi sürücülərinin özlərinin şərhlərini dinləməyə və uyğun olduğu halda təqdim etməyə hazırıq.
Onu da qeyd edək ki, 30 oktyabr 2026-cı il tarixində dərc edilmiş “ AYNA sürücülərin rahatlığı üçün işləyir, yoxsa onlar bu sistemə uyğunlaşmaq üçün daim əziyyət çəkməlidir?..” başlıqlı yazımızın(burada:) linkini materialda qaldırılan problemlərə münasibət bildirməsi məqsədilə AYNA-nın elektron poçtuna yollasaq da, bu günədək hələ cavab gəlməyib. Taksi sürücülərinin problemləri ilə bağlı iki yazımızın linkini də qeyd edilən qurumun poçtuna yollayırıq…