Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Aytən Səfərova uşaqlıq illərində başına gələn maraqlı hadisəni danışıb.
Axşam.az xəbər verir ki, aparıcı bu barədə qızı ilə söhbəti zamanı xatırladığı xatirəni bölüşüb. O bildirib ki, 11 yaşında Bakıya gəlmək üçün hava limanında tək qalıb və həmin vaxt ona özbək sərnişinlər kömək edib:
“Mən özbəkləri 11 yaşımda tanımışam. Valideynlərim məni qohumlarımdan biri ilə Bakıya göndərmişdi. Gecə Kalininqrad hava limanından təyyarəmiz uçmalı idi. Mən yatıb qalmışdım, həmin adam da məni qoyub gedib. Sonradan başa düşdük ki, adamın başına oyun açıblar.
Səhər oyananda gördüm ki, təyyarə gedib. Tək qız uşağı hava limanında qalmışam. Cibimdə cəmi 5 qəpik pul var idi. O vaxt açıqcalar satılırdı. Qızılgüllü açıqca aldım, üstünə yazdım ki, “Ana, gəlin məni götürün. Mən aeroportda tək qalmışam, qorxuram”. Sonra onu poçta atdım”.
Aparıcı bildirib ki, həmin vaxt hava limanında onu görən özbək sərnişinlər yanına gəlib və kömək ediblər:
“Heç kimi tanımırdım, hamı başqa dildə danışırdı. Sonradan bildim ki, onlar özbəklərdir. Onlar da öz təyyarələrini gözləyirdilər. Məni ağlayan görəndə qadınlı-kişili hamısı başıma yığışdı. Əvvəl özbək dilində soruşdular, sonra rus dilində danışdıq. Mən də başıma gələnləri danışdım. Onların reaksiyasını görəndə hiss etdim ki, doğma ailəm başıma yığılıb.
Qadınlar məni apardılar, əllərimi, üzümü, ayaqlarımı yudular. Yemək aldılar, mənə verdilər. Bir ağsaqqal kişi var idi. Təyyarəyə ən axırda o getdi. Getməzdən əvvəl mənə dedi: “Mənim ürəyim, dualarım səninlədir”. Sonra aşağı düşüb xanımların yanına getməyimi, onlarla oturmağımı və tək qalmamağımı tapşırdı. Allah ona rəhmət eləsin. Mənə elə gəlir ki, artıq sağ deyil. Amma ruhu şad olsun. Onun sözündən sonra aşağı düşdüm. Orada informasiya mərkəzində bir qadın vardı. Gecəyə qədər, növbəti reysə kimi məni nəzarətində saxladı”.
Aparıcı bildirib ki, bu hadisə ona xalqlar arasındakı yaxınlığı daha dərindən hiss etdirib:
“Qızımla tələbələrdən danışırdıq. O, Türkiyədə universitetdə oxuyur və orada 70-dən çox ölkədən tələbə var. Söhbət keçmiş Sovet respublikalarından düşdü. Dedi ki, ən istiqanlı insanlar kimi özbəkləri hiss edib. Mən də dedim ki, qızım, biz əslində çox uzaq deyilik.
Kilometrlərlə uzaq olsaq da, qanımız, genimiz eynidir, dilimiz faktiki olaraq eynidir. Biz türk xalqlarıyıq. Sovet dövründə respublikalar bir-birindən uzaq tutulurdu. Halbuki aramızdakı ən qısa məsafə kilometrlərlə ölçülürdü. Bu gün isə çox sevinirəm ki, aramızdakı uzaqlıq sadəcə kilometrlərlə ölçülür”.