Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Şamaxı” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Mühüm qələbə idi. Bəlkə, çempionatdakı ən vacib qalibiyyəti əldə etdik. Rəqib “Qarabağ” səfərində üç xal qazanmışdı, motivasiyalı idilər. Ötən tur “Qəbələ” ilə oyunda ağır məğlubiyyət almışdıq. Futbolçular bu gün özlərini toparlayıb, mühüm qələbə qazandı.
– “Qarabağ”ı məğlub etmək “Kəpəz”i eyforiyaya salmışdı?
– Birinci dövrədə “Kəpəz”ə uduzmuşduq. Onlarda fərq var, hər oyuna final kimi baxırlar. Eyforiyada olduqlarını düşünmürəm. Bu gün biz yaxşı oynadıq.
– İkinci hissədə daha 3-4 qol vura bilərdiniz. Lakin alınmadı. Ustalıq çatmadı, ya tələskənlik?
– Rəqib ikinci hissədə dörd əvəzetmə etdi və təzyiqi artırdı. Bilirdik ki, epizodlarımız olacaq. Çatışmayan yerimiz qol epizodlarını dəyərləndirə bilməməyimizdir. Statistikaya görə, çempionatda ən yaxşı oyunumuz ötən matç idi, amma 0:4 uduzduq.
– Səbəb nədir?
– Məsələn, Edqar çox epizoda girir, amma dəyərləndirə bilmir. Bunun üzərində çox çalışır. Orucun da epizodları oldu. Uşaqlar çalışır. Bir oyun uduzandan sonra elə tənqidlər oldu ki, sanki, “Şamaxı” sonuncudur. Sanki burda iş yoxdur. Bir futbolçunu qazandırmaq üçün illər lazımdır. Təəssüf ki, buna qiymət az verilir. Əsas nəticəyə baxılır. Üzərində işlədiyimiz şeylər var. Bu gün Orucun, Edqarın, Rüfətin oyunu ortadadır. Bunu görə bilmiriksə, təəssüf…
– Məğlubiyyətlərdən sonra tənqidlər yaranır ki, sanki iki yerdə işləməyin problemidir…
– Bilirəm, məğlub olanda bu söhbət çıxır. Mən istirahət vaxtlarım da belə işləyirəm. Təhlillər aparanda, bəlkə də, daha dəqiq öyrənmək lazımdır.
– Abdullanın karyerasını düşünüb, “Şamaxı”ya gəlməsi digər futbolçular üçün nümunə olmalıdır?
– Onun gəlişi ani oldu. Antonio Lara ötən həftə yaxınlaşdı və dedi ki, Maltadan təklifi var. Sonra Abdulla bizə müraciət etdi və burda oynamaq istədiyini dedi. Risk edəcəyik. Təki, qazansın, istəkli olsun.
– Qapıçınızı oyunun qəhrəmanı hesab edirsiniz?
– Rikardo əla oynadı. O, komandamızın yarıdan çoxudur. Kapitanlarımızdan biridir. İkinci hissədəki seyvləri lazım idi. İki oyundur, bir barmağı sınıq qapıda durur.
– “Qarabağ”la kubok oyununda heyətdə dəyişiklik olacaq?
– Hələ fikirləşməmişəm.