Ayxan Abbasov: “Futbolçular milli formanın dəyərini verdilər”

27.09.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan futbol millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının 2026/27 mövsümündə Litva ilə 1:1 hesablı səfər oyunundan sonra açıqlama verib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının daha real qol imkanları yaratdığını bildirib.

“Məncə, ən real qol epizodları bizdə oldu. Abdulla Xaybullayevin driblinqi var idi, hansı ki, biz bunu istəyirik, üzərində çalışırıq və futbolçularda bu keyfiyyət var. İkinci hissədə Mahir Emrelinin də çox yaxşı epizodları oldu. Əlbəttə, belə oyunlar streslidir, onlar da qol vura bilərdilər. Əsas odur ki, komandada inamı, istəyi gördük. Futbolçular milli formanın dəyərini verdilər və bu, bir həqiqətdir ki, bizdə çatmırdı. İnşallah, qələbələr də gələcək”, - deyə Abbasov bildirib.

Baş məşqçi milli komandada legioner və əcnəbi əsilli futbolçuların yer almasına da münasibət bildirib:

“Millidə oynayan futbolçuların qiyməti hər zaman yüksək olur. Ona görə də hər kəs istəyir millidə oynasın. Biz onun əleyhinə idik ki, Ladaqa kimilər millidə oynayırdı və azərbaycanlı futbolçuların yolunu kəsirdi. Düzdür, Bədavi başqa millətdəndir, amma Azərbaycanda böyüyüb və bu yaşda meydanda canını qoydu. Azərbaycan dilini bilmirsə, bu, o demək deyil ki, komandada lider deyil”.

Abbasov gələcəkdə yerli futbolçuların sayının artırılmasını istədiyini vurğulayıb:

“Gələcəkdə istəyərik öz yetirmələrimiz olsun. Avropada yaşayan azərbaycanlılar var, onlar da gəlsin millimizə”.

Mütəxəssis komandadaxili ünsiyyət məsələsinə də toxunub:

“Mən futbolçularımla Azərbaycan dilində danışıram. Bu gün Şahruddin də öyrənir, Bədavi də məni başa düşür. Bizim soyunub-geyinmə otağında tərcüməçiyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Litva - Azərbaycan görüşü 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu 14-cü dəqiqədə Mahir Emreli vurub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью