Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının XXV turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Artıq neçənci dəfədir ki, layiq olmadığımız halda məğlub oluruq. Üstün oynayırıq, qol epizodları bizdə çox olur. Təəssüf ki, bunları dəyərləndirə bilmirik. Bu gün rəqibə heç epizod vermədik və öz qapımıza qol vurduq. Amma buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular, təslim olmadılar. Bu ayda 5-ci oyunumuz idi. Heyətdə çox dəyişiklik edə bilmirik. Sevinirəm ki, “Araz-Naxçıvan” kimi komandaya qarşı üstün oynadıq. Belə məğlubiyyətlər olur. Bir çox matçda yaxşı oynamışıq, amma fürsətləri dəyərləndirə bilməmişik. Son ötürmələrdə, son vuruşlarda inkişaf etməliyik. Buna vaxt lazımdır. Çempionat davam edir. Fasilədən sonra yaxşı hazırlaşıb sona qədər mübarizə aparacağıq.
– “Şamaxı”nın futbolçularını millidə görmək ehtimalı var?
– Bizim bir neçə futbolçumuz U-21 millisinin əsas oyunçularıdır. Əsas milliyə çağırmaq istəyərdim. Bir neçə gənc oyunçu stabil çıxış edir. Həm də bunu haqq edirlər. Amma U-21-in iki çətin oyunu var. Biz onları da fikirləşirik. Bu futbolçular böyük oyunları da oynamalıdır. İstəyirəm ki, onlar əsas milliyə gələndə hazır olsunlar. A millidə 10-15 dəqiqə oynamaqdansa, U-21-in heyətində Portuqaliyaya qarşı 90 dəqiqə oynamaq daha yaxşı olar.
– Millidə qarşınıza hansı məqsəd qoyulub?
– Məqsəd deyəndə ki, qalib gəlməliyik.
– Son mətbuat konfransında klub rəhbərlərini tənqid etmişdiz. Konkret olaraq kimləri nəzərdə tuturduz?
– Bizim problemimiz odur ki, mətbuat konfransına qulaq asmırıq. Kimin kiminlə problemi varsa, ora yozur. Mənə verilən suala baxmaq lazımdır. Həmişə mənə verilən suallara cavab verirəm, fikrimi bildirirəm. Sual verilmişdi ki, bizdə uğursuzluq olanda tək məşqçilər dəyişir, ancaq dünya praktikasında uğursuzluq olanda klub rəhbərləri istefa verirlər. Mən də dedim ki, bəli belə bir şey var. Bu, heç kimə şamil olunmur. Hərə bir yerə yozub. Suala cavab vermişəm. Kiminləsə problemim yoxdur.
– Millinin keçmiş üzvlərindən növbəti toplanışa dəvət etməyi planlaşdırdığınız kimsə var?
– Var. 25-ci turun oyunlarını gözləyirik. Hansısa zədə ola bilər. Həm yeni adlar olacaq, həm də son vaxtlar dəvət olunmayanları çağırmağı düşünürük.