Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah” Çempionlar Liqasının əsas mərhələsində “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya) və “Slaviya” (Çexiya) ilə Bakıda, “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq”lə (Norveç) səfərdə qarşılaşacaq.
“Qarabağ” isə Konfrans Liqasında mübarizəni dayandırdı. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” komandasına 1:4 hesabı ilə uduzaraq turnirlə vidalaşdı.
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Futbolpress.az” saytına müsahibəsində gündəmdəki məsələləri dəyərləndirib:
– “Sabah”ın püşkünü necə qiymətləndirirsiniz? Sizcə, komanda bu mərhələdə neçə xal qazana bilər?
– “Sabah” bu mövsüm maksimumunu ortaya qoyub. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq və Avropanın nəhəng klublarını Azərbaycana gətirmək böyük uğurdur. Düşünürəm ki, komanda bu turnirdən zövq almalıdır, çünki futbolçular üzərlərinə düşəni artıqlaması ilə etdilər. Xal qazanıb-qazanmamaqdan asılı olmayaraq, kollektiv alqışa layiqdir. Püşk çətindir, lakin “Sabah” bu turnirdən böyük təcrübə qazanacaq, bu cür təmaslar və əməkdaşlıqlar gələcək inkişaf üçün çox faydalı olacaq.
– Stadiondan “Qarabağ”ın “Tvente” ilə matçını və “Sabah”ın oyununu canlı izlədiniz. Legioner limitinin ləğvindən sonra yerli futbolçuların az şans qazanması milli komandanın məşqçisi kimi sizdə necə təəssürat yaradır?
– Avrokuboklarda zatən legioner limiti yoxdur, klublar heyət seçimində sərbəstdirlər. Bizim əsas məqsədimiz yerli futbolçuların belə yüksək səviyyəli oyunlardakı performansını canlı izləməkdir. Məsələn, “Sabah”da Aleksey İsayev və Rəhman Daşdəmirov, “Qarabağ”da isə Bəhlul Mustafazadə ilə Bədavi Hüseynov əsas heyətdə çıxış edirdilər. Əvəzetmədən daxil olanları da diqqətdə saxlayırıq. Milli komandaya namizəd olan bütün futbolçularımızı, hətta yoldaşlıq matçlarında belə, davamlı izləyirik.
– Premyer Liqada “Sumqayıt” yerli futbolçulara və öz yetirmələrinə daha çox şans verir. Bu amil seleksiya işinizə necə təsir edir? Həmçinin Kiprin “Pafos” klubunda çıxış edən Murad Məmmədovun durumunu izləyirsiniz?
– Murad Məmmədovun durumundan xəbərdaram, təəssüf ki, zədələnib. Ümid edirəm ki, yaxın oyunlarda bərpa olunub meydana qayıdacaq. “Sumqayıt”ın gənclərə şans verməsi klub adına təqdirəlayiqdir, lakin milli komanda müstəvisində söhbət tam hazır futbolçulardan gedir. Premyer Liqada oynamaq həmişə milli komandaya dəvət almaq üçün kifayət etmir. Bəzi oyunçular üzərlərində daha çox işləməli və inkişaf etməlidirlər. Seleksiya prosesimiz davam edir, yeni adlar kəşf etmək istəyirik və hazır olan hər bir futbolçuya şans verəcəyik.
– Növbəti ay milli komandanı toplanış və qarşıdakı oyunlar gözləyir. Hazırlıq planları barədə nə deyə bilərsiniz?
– Qarşıda bizi üç rəsmi matç və bir yoldaşlıq görüşü daxil olmaqla sıx qrafik gözləyir. Tacikistan, Litva və Lixtenşteyn ilə qarşılaşacağıq. Oyunlara yaxşı hazırlaşıb qələbələr qazanmaq istəyirik.
Ayxan Zayıdzadə