Az pulla mənzilə yatırım etmək mümkündürmü? Ekspert

04.09.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda daşınmaz əmlaka yatırım etmək istəyən, lakin böyük kapitalı olmayan şəxslər üçün mənzilə hissə-hissə sahib olmaq modeli yeni imkan yaradır. Bu yanaşma kiçik məbləğlərlə mənzil bazarına daxil olmağa şərait yaratsa da, investorun gələcəkdə həmin paydan necə gəlir əldə edəcəyi və hansı hüquqlara sahib olacağı məsələsini də gündəmə gətirir.
Mənzili hissə-hissə almaqla daşınmaz əmlaka yatırım etmək nə dərəcədə sərfəlidir? Bu modeldən yararlanmaq istəyənlər müqavilə şərtləri, mülkiyyət hüquqları, gəlirlilik və mümkün risklərlə bağlı nələri bilməlidirlər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında əmlak eksperti İlkin Məmmədkərimov bildirib ki, mənzili hissə-hissə almaq modeli az kapitalı olan şəxslər üçün daşınmaz əmlak bazarına giriş imkanlarını müəyyən qədər genişləndirə bilər.

Onun sözlərinə görə, vətəndaş bütün mənzilin dəyərini əvvəlcədən toplamaq əvəzinə, maliyyə imkanına uyğun olaraq investisiyanı mərhələli şəkildə formalaşdırır:
"Bu baxımdan model xüsusilə uzunmüddətli yatırım düşünən şəxslər üçün maraqlı ola bilər. Amma burada əsas məsələ yalnız mənzilin bir kvadratmetrinin qiyməti deyil. İnvestor ilk növbədə müqavilənin hüquqi şərtlərini, aldığı payın hansı hüququ yaratdığını, sonradan həmin payı satmaq və ya tam mənzilə çevirmək imkanlarını dəqiq bilməlidir. Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması məsələsi də xüsusi əhəmiyyət daşıyır. Digər mühüm məsələ likvidlikdir. Səhmlər və ya digər maliyyə alətlərindən fərqli olaraq, daşınmaz əmlaka yatırılan vəsaiti qısa müddətdə pula çevirmək həmişə asan olmur. Əgər investor yalnız qiymət artımına ümid edirsə, bazardakı dəyişiklikləri, layihənin yerləşdiyi ərazinin inkişafını və gələcək tələbi də nəzərə almalıdır".
Ekspert əlavə edib ki, bundan başqa, tikintisi davam edən layihələrdə tikintinin gecikməsi, şirkətin öhdəliklərini yerinə yetirməməsi, sənədləşmə və mülkiyyət hüquqları ilə bağlı problemlər kimi risklər yarana bilər.
"Ona görə də belə modelə daxil olan şəxs reklam və ilkin qiymətdən daha çox müqaviləyə, hüquqi sənədlərə və investisiyanın çıxış strategiyasına baxmalıdır. Dövlət qurumunun məlumatına görə, tikintisi başa çatdırılmamış mənzillərlə bağlı müəyyən hallarda qabaqcadan dövlət qeydiyyatı mexanizmi də mövcuddur. Yəni hissə-hissə mənzil almaq kiçik kapitalla daşınmaz əmlaka daxil olmaq üçün alternativ mexanizm ola bilər, amma bunu risksiz yatırım kimi qiymətləndirmək düzgün deyil. İnvestor “nə qədər kvadratmetr alıram?” sualı ilə yanaşı, “bu payın hüquqi statusu nədir və lazım gəldikdə onu necə pula çevirəcəyəm?” sualına da cavab tapmalıdır", - deyə İlkin Məmmədkərimov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью