Az xərc, az yanacaq: Azərbaycanda ən sərfəli avtomobil hansıdır?

30.09.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycanda avtomobil alarkən yalnız alış qiyməti deyil, yanacaq sərfiyyatı, servis və təmir xərcləri, eləcə də ehtiyat hissələrinin qiyməti və əlçatanlığı da nəzərə alınır.

Satış mütəxəssisi və avto-ekspert Marat Namazov “Bakupost”a bildirib ki, bu meyarlar birlikdə qiymətləndirildikdə “Hyundai Accent”,”Kia Rio” və “Toyota Corolla” daha sərfəli seçimlər sırasında yer alır.

Onun sözlərinə görə, əsasən şəhər daxilində avtomobil idarə edənlər üçün “Toyota Prius” da qənaətli seçimdir. Lakin “Prius” alarkən avtomobilin batareyası və hibrid sisteminin mütləq yoxlanılması vacibdir.

Daha geniş sedan istəyən alıcılar üçün isə “Hyundai Elantra” və “Kia Cerato” modelləri uyğun seçim ola bilər.

Ekspert vurğulayıb ki, avtomobilin sərfəli olması təkcə modelindən asılı deyil. Onun sözlərinə görə, baxımlı “Kia Rio” baxımsız “Toyota Corolla”dan daha sərfəli alış ola bilər.

M.Namazov dizel avtomobillərlə bağlı da xəbərdarlıq edib. O bildirib ki, dizel avtomobillər az yanacaq sərf edə bilər, lakin turbo və ya injektorla bağlı bahalı təmirə ehtiyac yaranarsa, yanacağa qənaətdən əldə olunan üstünlük itə bilər.

Yeni Çin hibridlərinə maraq göstərən alıcılara isə ekspert zəmanət, servis imkanları və ehtiyat hissələrinin nə qədər müddətə əldə edilə bildiyini əvvəlcədən dəqiqləşdirməyi tövsiyə edib.

“Alıcıya həmişə deyərdim ki, modelin adından əvvəl konkret maşının vəziyyətinə baxsın. Baxımlı “Accent” və ya “Rio”, baxımsız “Corolla”dan daha sərfəli ola bilər”, – deyə M.Namazov bildirib.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью