Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Qayıdışın iqtisadi anatomiyası
Dünyada elə yatırımlar var ki, onların gəliri bir neçə ay və ya bir neçə il sonra maliyyə hesabatlarında görünür. Elə sərmayələr də var ki, onların dəyəri rəqəmlərlə deyil, insanların doğma yurduna qayıdışı, dağıdılmış şəhərlərin yenidən işıqlanması, həyatın yenidən nəfəs alması ilə ölçülür. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri məhz bu 2 mövhumun sintezidir. İşğaldan azad edilmiş ərazilərə yatırılan vəsait Azərbaycanın gələcək iqtisadi xəritəsini formalaşdıran, ölkənin yeni inkişaf mərkəzini yaradan kapital qoyuluşudur.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə bu ilin yanvar-iyun ayları ərzində 1 milyard 64,1 milyon manat vəsait istifadə olunub. Maliyyə Nazirliyindən bildirilib ki, həmin vəsaitin 974,1 milyon manatı infrastruktur təyinatlı layihələrinin - avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 489,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 371,1 milyon manat, turizm infrastrukturunun yaradılması üçün 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi üçün 15,9 milyon manat, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatla təmin olunması üçün 15,3 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 7,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 7,3 milyon manat xərclənmişdir. 29,8 milyon manat isə səhiyyə və mədəniyyətyönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 45,3 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 14,9 milyon manatı isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.
Xatırladaq ki, bu ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr üçün 386,2 milyon manat xərclənmişdi. Daha dəqiq yanaşsaq, “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub. Bütövlükdə isə 2020–2026-cı illər ərzində bu ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma proqramına vaxt itirmədən başlanılıb və bu gün Qarabağla Şərqi Zəngəzur artıq minlərlə insanın yaşadığı, işlədiyi və təhsil aldığı canlı iqtisadi məkana çevrilir. Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən investisiyaların ümumi həcmi 17 milyard ABŞ dollarına yaxınlaşır. Bu faktlar göstərir ki, Qarabağa yönəldilən vəsaitlər gələcək onilliklər üçün iqtisadi inkişafın təməlini formalaşdırır. Müasir avtomobil yolları, hava limanları, elektrik və su infrastrukturu, sənaye parkları, aqroparklar, turizm obyektləri və “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri regionun iqtisadi potensialını hərəkətə gətirən əsas amillərdir. İnfrastrukturun qurulması özəl investisiyaların cəlb edilməsinə, yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun artmasına və Böyük Qayıdışın dayanıqlı xarakter almasına xidmət edir. Görülən işlərin nəticəsi olaraq, doğma yurddan didərgin düşən soydaşlarımız da öz el-obalarına qayıdırlar. Bu gün artıq Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinin fərqləndirici cəhətlərindən biri də burada ən müasir texnoloji həllərin və ekoloji dayanıqlılıq prinsiplərinin əsas götürülməsidir. Dövlət tərəfindən azad edilmiş bütün ərazilərin “yaşıl enerji zonası” elan olunması regionun inkişaf strategiyasının məhz bərpaolunan enerji mənbələri üzərində qurulduğunu göstərir. Bu yanaşma hidroenerji, günəş və külək potensialından səmərəli istifadəni prioritetə çevirib.
Bu istiqamətdə Tərtər və Həkəri çayları üzərində yerləşən bir sıra su elektrik stansiyaları yenidən qurulub, eyni zamanda yeni enerji obyektləri istifadəyə verilib. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları, eləcə də “Suqovuşan”, “Laçın” və “Kəlbəcər” su elektrik stansiyaları bölgənin enerji sistemində bərpaolunan mənbələrin rolunu əhəmiyyətli dərəcədə gücləndirir. Paralel olaraq, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Zəngilan və Cəbrayılda iri gücə malik günəş elektrik stansiyalarının, Laçın və Kəlbəcərin dağlıq ərazilərində isə külək elektrik stansiyalarının inşası davam etdirilir.
Yenidən qurulan yaşayış məntəqələri də müasir şəhərsalma yanaşmalarına uyğun layihələndirilir. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında formalaşdırılan Ağalı, Zabux və Sus yaşayış məntəqələri bu modelin uğurlu tətbiqini nümayiş etdirir. Həmin kəndlərdə alternativ enerji mənbələrindən istifadə, rəqəmsal idarəetmə sistemləri, müasir tullantı idarəçiliyi, innovativ kənd təsərrüfatı həlləri, yüksəksürətli internet, elektron səhiyyə və elektron təhsil xidmətləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Bütün bu layihələrin əsas məqsədi Böyük Qayıdışın dayanıqlılığını təmin etmək, insanların doğma yurdlarında təhlükəsiz, rahat və uzunmüddətli yaşayışı üçün müasir sosial-iqtisadi mühit formalaşdırmaqdır. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur təkcə yenidən qurulan bölgə deyil, Azərbaycanın gələcəyini əks etdirən innovativ inkişaf məkanına çevrilir.
Dövlətimiz artıq növbəti mərhələ üçün də strateji planlaşdırmaya başlayıb. Prezidentin sərəncamına əsasən, 2027–2030-cu illəri əhatə edəcək “Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanır. Bu proqram çərçivəsində yüz minlərlə vətəndaşın doğma torpaqlarına qayıdışı nəzərdə tutulur.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpasına 25 milyard manatdan artıq vəsait yönəldilib. Bu investisiyalar bölgənin müasir infrastrukturunun qurulmasına, yaşayış məntəqələrinin yenidən salınmasına və iqtisadi fəaliyyətin bərpasına xidmət edir.
Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə yaxın on il ərzində əhalinin sayı daha da artacaq, sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün yeni imkanlar yaranacaq. Dövlət tərəfindən investorlar üçün müxtəlif güzəşt və təşviq mexanizmləri tətbiq edilir. Bu addımlar özəl sektorun Qarabağ və Şərqi Zəngəzurda daha fəal iştirakını təmin etməyə yönəlib.
Beləliklə, artıq yeni mərhələ başlayır. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı və ölkə iqtisadiyyatına tam inteqrasiyası əsas prioritetə çevrilir. Hesablamalara görə, yaxın perspektivdə bu region Azərbaycanın ümumi daxili məhsulunun təxminən 10 faizinin formalaşmasına töhfə verə bilər. Bunun üçün bölgədə kifayət qədər iqtisadi potensial mövcuddur.
Sənaye, kənd təsərrüfatı, xidmət sektoru, turizm və digər sahələrdə geniş inkişaf imkanları var. Regionun zəngin təbii sərvətləri və əlverişli coğrafi mövqeyi onun mühüm iqtisadi üstünlükləridir. Bu üstünlüklərdən səmərəli istifadə edildikcə Qarabağ və Şərqi Zəngəzur ölkə iqtisadiyyatının aparıcı inkişaf mərkəzlərindən birinə çevriləcək.
Qiymətləndirmələr göstərir ki, bərpa prosesi tam başa çatdıqdan sonra Qarabağ və Şərqi Zəngəzur hər il ölkə iqtisadiyyatında təxminən 15 milyard manatlıq əlavə dəyər formalaşdırmaq potensialına malik olacaq. Bu isə növbəti onillikdə Azərbaycanın əsas iqtisadi artım mənbələrindən birinin məhz Qarabağ olacağını göstərir. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi həyatında xüsusi çəkiyə malik, rəqabətqabiliyyətli və dayanıqlı inkişaf edən region kimi formalaşmasının şahidi olacağıq.
Eldəniz ƏMİROV,
iqtisadçı
Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının birinci proqramla müqayisədə daha səmərəli nəticələr verəcəyi gözlənilir. Bunun əsas səbəbi birinci mərhələdə əldə olunan təcrübənin yeni proqramın icrasında nəzərə alınmasıdır. Qazanılmış praktiki təcrübə layihələrin daha çevik idarə olunmasına, resurslardan daha səmərəli istifadəyə və qarşıya qoyulan hədəflərə daha qısa müddətdə nail olunmasına imkan yaradacaq.
Qarşıdakı illərdə də hər il təxminən 2–4 milyard manat həcmində vəsaitin ayrılması bərpa və yenidənqurma prosesinin davamlılığını təmin edəcək. Bu isə Böyük Qayıdış proqramının planlı şəkildə həyata keçirilməsinə və regionun sosial-iqtisadi inkişafının sürətlənməsinə xidmət edəcək.
Qarabağ və Şərqi Zəngəzuru bu gün Azərbaycanın tam formalaşmış yeni iqtisadi mərkəzi kimi təqdim etmək hələ tezdir. Daha doğru yanaşma ondan ibarətdir ki, həmin region ölkənin iqtisadi inkişafına inteqrasiya mərhələsindədir və burada həyata keçirilən layihələr güclü multiplikativ təsir yaradır. Başqa sözlə, bölgəyə yönəldilən dövlət investisiyaları təkcə Qarabağ və Şərqi Zəngəzurun deyil, bütövlükdə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına müsbət təsir göstərir.
Hazırda bu təsir ilk növbədə dövlət investisiya layihələrinin icrası, məşğulluğun artırılması, tikinti sektorunun canlanması, xidmət və logistika sahələrinin genişlənməsi, eləcə də əlaqəli iqtisadi fəaliyyət növlərinin inkişafında özünü göstərir. Regionun ümumi daxili məhsulun formalaşmasındakı payı isə bərpa və məskunlaşma prosesi genişləndikcə, özəl investisiyalar artdıqca və iqtisadi fəaliyyət tam bərpa olunduqca daha da yüksələcək. Buna görə də Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı yaxın illərdə ölkənin dayanıqlı inkişafına mühüm töhfə verəcək əsas istiqamətlərdən biri kimi qiymətləndirilə bilər.
Nurlan ABDALOV
XQ