Azad qələmlərin qardaşlıq günü

08.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mediada həqiqətə xidmət edənlərin bayramı

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində çalışan media nümayəndələrinin söz və məlumat azadlığı uğrunda mübarizəsinin rəmzinə çevrilən əlamətdar gündür. Bu tarixin qeyd olunması jurnalistikanın cəmiyyət qarşısındakı məsuliyyətini bir daha xatırladır, eyni zamanda, ədalət və həqiqət naminə yazıb-yaradan insanların harada yaşamaları və fəaliyyətlərindən asılı olmayaraq, bir-birilərinə mənəvi dəstək olmalarının vacibliyini göstərir.
1958-ci ildə Beynəlxalq Jurnalistlər Təşkilatının təsis etdiyi həmrəylik günü artıq 68 ildir ki, hər il sentyabrın 8-də planetimizin, demək olar ki, kiçik istisnalarla hər yerində geniş qeyd olunur. Sual oluna bilər: bəs niyə məhz sentyabrın 8-i? Bu sualın cavabı həmkarlarımızın çoxuna bəllidir. Hörmətli oxucularımıza isə ərz edək ki, 1942-ci ilin aprelində çex jurnalisti, ədəbiyyat və teatr tənqidçisi, yazıçı Yulius Fuçiki nasist gestaposu həbs edib. O, ağır işgəncələrə məruz qalaraq 1943-cü il sentyabrın 8-də Berlində edam olunub. Həbsdə olarkən Y.Fuçik “Dar ağacından qeydlər” (dünyanın 70 dilinə tərcümə olunub) adlı məşhur kitabını yazıb və bu əsərə görə 1950-ci ildə (ölümündən sonra) Beynəlxalq Sülh Mükafatına layiq görülüb. Beləliklə, Y.Fuçikin xatirəsini əbədiləşdirmək üçün sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü elan edilib.
Bu məqamda Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın bir çox istedadlı media təmsilçisinin erməni terrorunun qurbanı olduğunu acı təəssüf hissi ilə xatırlatmalı oluruq. 1991-ci il yanvarın 9-da “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərovanı Laçın-Şuşa yolunda peşə vəzifəsini yerinə yetirərkən erməni quldur dəstələri vəhşicəsinə qətlə yetiriblər. O, Azərbaycanın Milli Qəhrəmanı kimi tarixə düşüb.
1991-ci il noyabrın 20-də Qarakənd səmasında ermənilər dövlət və hökumət rəsmilərinin olduğu vertolyotu vurublar. Həlak olanlar arasında istedadlı telejurnalist, AzTV-nin əməkdaşı Alı Mustafayev və operator Fəxrəddin Şahbazov da olub. Tanınmış telejurnalist və “215 KL” studiyasının qurucusu Çingiz Mustafayev isə 15 iyun 1992-ci ildə Naxçıvanik kəndində çəkiliş zamanı ağır mərmi qəlpəsindən həlak olub. O, da Azərbaycanın Milli Qəhrəmanıdır. 
Digər vətənpərvər qələm sahibi, “Azərbaycan məktəbi” və “Azərbaycan müəllimi” nəşrlərində çalışmış Kazımağa Kərimovu isə hələ tələbəlik illərindən tanıyırdım. O, BDU-nun jurnalistika fakültəsində əyani təhsil alırdı. Doğulub boya-başa çatdığı Qubadlı erməni separatçılarının silahlı hücumlarına məruz qalanda Kazımağa könüllü olaraq cəbhəyə yollanıb. Ağır döyüşlərdə qeyri-adi şücaətlər göstərərək, 1992-ci il iyunun 15-də qəhrəmancasına həlak olub.
İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə də Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimiz arasında jurnalistlər olub. AZƏRTAC-ın jurnalisti, hərbi müxbir Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov 4 iyun 2021-ci ildə Kəlbəcərin Susuzluq kəndi yaxınlığında mina partlayışı nəticəsində həlak olublar. Bu hadisədən 1 il sonra Quba şəhərinin mərkəzində erməni terrorunun qurbanları olan media nümayəndələrinin xatirəsinə həsr olunan “Media şəhidləri” parkı istifadəyə verilib. AYB Quba bölməsinin rəhbəri, tanınmış şair Ramiz Qusarçaylı bildirdi ki, rayona qonaq gələn media mənsubları bir qayda olaraq həmin parkı ziyarət edir, həmkarlarının xatirəsini ehtiramla anırlar. 
Jurnalistikanın əsas missiyası cəmiyyəti maarifləndirmək, inkişaf və tərəqqiyə mane olanları tənqid etmək, bütün vəziyyətlərdə həqiqəti axtarmaq, bir sözlə, haqqın, ədalətin yanında olmaqdır. Bu gün, təəssüf ki, dünyanın bir çox ölkəsində jurnalistlər öz peşə vəzifələrini yerinə yetirərkən kəskin təqib və təzyiqlərə məruz qalırlar. Jurnalistləri Müdafiə Komitəsinin açıqladığı məlumatlara əsasən, 2025-ci ildə dünyada 47 jurnalist öldürülüb, 57 nəfər ağır yaralanıb. 
Mütərəqqi media bütün çətinliklərə rəğmən cəmiyyətin sivil inkişafı, demokratikləşməsi naminə bu gün də həqiqət uğrunda mücadilə aparır. Bu, bir həqiqətdir ki, öz peşəsinə sədaqətlə xidmət edən jurnalistlər cəmiyyətdə layiq olduqları dəyəri alır, onlar sevilir, cəmiyyətin inkişafı və tərəqqisi üçün fədakarcasına çalışırlar. Hər bir jurnalist üçün ən böyük dəyər, ilk növbədə oxucu sevgisidir, hüquqlarını cəsarətlə müdafiə etdiyi vətəndaşların qəlblərindən gələn ürəkdolusu minnətdarlıq duyğularıdır!
Bəli, bu gün, sentyabrın 8-də yenə də dünyanın müxtəlif ölkələrindən media mənsublarının iştirakı ilə çox sayda maraqlı görüşlər, konfrans və simpoziumlar keçiriləcək. ABŞ-da isə bu gün jurnalistika, ədəbiyyat, teatr və musiqi sahəsində nailiyyətlərə görə nüfuzlu Pulitzer mükafatı qaliblərə təqdim olunacaq. Xatırladaq ki, macar əsilli mühacir olan Cozef Pulitzer (1847-1911) ABŞ-ın araşdırma jurnalistikası tarixində ən ünlü isimlərdən biri olub. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində o, özünün qeyri-adi istedadına və təşkilatçılıq qabiliyyətinə görə ABŞ-da qəzetçilik sahəsində böyük uğur qazana bilib. O, bu ölkədə ictimai fikrə güclü təsir göstərən, kütləvi tirajla nəşr olunan bir çox qəzet və jurnalların sahibi və baş redaktoru olub. 
Azərbaycan dövləti azad mətbuatın, söz və düşüncə azadlığının inkişafı üçün davamlı işlər görüb və görür. Ölkəmiz BMT və digər nüfuzlu beynəlxalq qurumların qəbul etdikləri söz və mətbuat azadlığı ilə bağlı bütün əsas qanun və konvensiyalara qoşulub. Azərbaycanda senzura ümummilli lider Heydər ­Əliyevin qərarı ilə hələ 1998-ci ildə ləğv olunub. Ulu öndərin müdrik media siyasətini onun layiqli davamçısı Prezident İlham ­Əliyev uğurla davam etdirir.
Reallıq budur ki, Azərbaycan dövləti ölkəmizdə sivil, demokratik dəyərlərin bərqərar olunmasını özünün prioritet vəzifələrindən hesab edir. Buna görə də azad medianın formalaşmasında maraqlıdır. Bu gün ölkəmizdə mətbuatın sərbəst, demokratik qanunlar çərçivəsində sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. 
Burada bir məqamı da vurğulamağa ehtiyac duyuruq. Müasir dövrdə planetimizdə güclü qlobal informasiya axını müahidə olunur. Sosial şəbəkələr və rəqəmsal media bu axını daha da sürətləndirir. Qlobal informasiya bolluğu dönəmində doğru məlumatı yanlış informasiyadan ayırmaq, hər hansı aktual xəbəri operativ və obyektiv təqdim etmək heç də asan deyil. Bu zaman peşəkarlıq, obyektivlik, jurnalist etikasına sadiqlik böyük əhəmiyyət daşıyır. Beynəlxalq arenada jurnalist həmrəyliyi məhz bu dəyərlərin qorunaraq inkişaf etdirilməsinə öz təsirini göstərə bilər.
Jurnalistika qətiyyət və cəsarət tələb edən peşədir. Dünyanın müxtəlif bölgələrində jurnalistlər mürəkkəb və təhlükəli şəraitdə fəaliyyət göstərir, hadisələrin mərkəzindən, qaynar müharibə bölgələrindən məlumatlar hazırlayır, həyatlarını riskə ataraq insanların informasiya almaq hüququnu təmin edirlər. Onların əməyinə hörmət və peşə həmrəyliyi, əlbəttə, xüsusi əhəmiyyət daşıyır.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli hesab edir ki, azad və məsuliyyətli media sağlam cəmiyyətin vacib dayaqlarından biridir. Jurnalistin qələmə aldığı hər bir sözün arxasında böyük məsuliyyət hissi dayanır. Professorun fikrincə, azad media sivil, demokratik dövlətlərdə vətəndaş cəmiyyəti quruculuğunda əhalinin ictimai forumuna çevrilir. Söz və ifadə azadlığı olmadan cəmiyyətin inkişaf və tərəqqisi mümkün deyil. 
Sonda bu əlamətdar gündə bütün jurnalist həmkarlarımıza çətin və şərəfli peşə fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy jurnalist həmrəyliyi həqiqətin müdafiəsində, insan hüquqlarının təbliğində və cəmiyyətin doğru məlumatlandırılmasında güclü birlik nümunəsi olsun. 

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью