Azad torpaqlarda ümumi yüksəlişin möhkəm təməli yaradılır

04.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə başçısının Qarabağ və Şərqi Zəngəzura davamlı səfərləri bölgənin bərpasını sürətləndirir

Qarabağ və Şərqi Zəngəzurda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yanaşı, genişmiqyaslı abadlıq və quruculuq işləri də aparılır. Vaxtilə Ermənistanın işğalı nəticəsində dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər istifadəyə verilir.

Qarabağ və Şərqi Zəngəzurda son 6 ildə aparılan bərpa-quruculuq işlərinin miqyası diqqətçəkən rəqəmlərlə ifadə olunur. Deputat Vüqar Bayramovun Milli Məclisdə açıqladığı məlumatlara görə, ötən müddətdə bu ərazilərin bərpasına dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılıb. Zəfərdən sonra ümumi uzunluğu 3 min 720 kilometr olan 64 avtomobil yolunun tikintisi həyata keçirilib. Onlardan 17-si, ümumilikdə, 1,4 min kilometr uzunluğunda yol artıq tamamlanıb.

Eyni zamanda, 3 beynəlxalq hava limanı istifadəyə verilib. Görülən işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma prosesi də sürətlənib. Hazırda azad edilmiş ərazilərdə 100 minə yaxın vətəndaşımız yaşayır, təhsil alır və işləyir. Noyabrın 1-nə olan məlumata görə, 41 min 213 keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Burada 8 min 300, Cəbrayılda isə 7 min 112 nəfər yaşayır.

Millət vəkilinin sözlərinə görə, infrastrukturun formalaşdırılması növbəti illərdə, eləcə də qarşıdakı aylarda məskunlaşma prosesinin daha da intensivləşməsinə imkan verəcək: “Təbii ki, hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif ediləcək və heç kim bu prosesdən kənarda qalmayacaq. Bu, möhtərəm Prezidentin siyasi iradəsidir. Artıq bu iradəyə uyğun olaraq intensiv məskunlaşma prosesinin şahidi oluruq”.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura dövlət tərəfindən əhəmiyyətli maliyyə resursları səfərbər olunub. 2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına dövlət büdcəsindən 1 milyard 761,4 milyon manat vəsait ayrılıb. Bunun 891,8 milyon manatı su təchizatı, meliorasiya, istilik, nəqliyyat və kommunal infrastruktura, 692,5 milyon manatı təhsil, səhiyyə və mədəniyyət layihələrinə, 177,1 milyon manatı isə digər istiqamətlərə yönəldilib. Bu bölgü göstərir ki, dövlət investisiyaları yalnız fiziki infrastrukturun qurulmasına deyil, eyni zamanda, insanların yaşayışı və sosial rifahı üçün zəruri şəraitin yaradılmasına xidmət edir.

Bununla yanaşı, bölgənin iqtisadi potensialının reallaşdırılmasında özəl sektorun iştirakına xüsusi diqqət yetirilir. Sahibkarların fəaliyyətini stimullaşdırmaq məqsədilə vergi və gömrük güzəştləri tətbiq olunur. Hazırda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulan güzəştlərin müddəti 2033-cü il yanvarın 1-dək müəyyən edilib.

İstehsal fəaliyyəti ilə bağlı idxal olunan maşın, texnoloji avadanlıq, qurğu və xammal üzrə ƏDV və gömrük rüsumlarından azadolmalar bu dəstəyin mühüm istiqamətlərindəndir. Mövcud mexanizmlər sahibkarların ilkin xərclərini azaltmaqla bölgəyə investisiya marağının artmasına şərait yaradır. Rəsmi məlumatlara görə, tətbiq edilən güzəştlər nəticəsində sahibkarlar indiyədək 17,4 milyon manat həcmində vergi və gömrük ödənişlərinə qənaət ediblər.

Sənaye sektorunun inkişafı da yeni iqtisadi strategiyanın əsas istiqamətlərindəndir. Xüsusilə Ağdam və Cəbrayıl sənaye parkları bu baxımdan mühüm əhəmiyyət daşıyır. Burada tikinti materialları, tekstil, elektrik avadanlıqları və digər məhsulların istehsalı üzrə müəssisələr yaradılır. Məqsəd bölgənin yerli xammal və resurslarından səmərəli istifadə etmək, istehsal zəncirlərini formalaşdırmaq, daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac imkanlarını da genişləndirməkdir.

Ağdam Sənaye Parkında istehsal olunan xüsusi təyinatlı təhlükəsizlik ayaqqabıları artıq xarici bazarlara çıxarılır. “BAFCO İnvest” MMC-nin istehsal etdiyi məhsullar Qazaxıstan və Albaniya ilə yanaşı, Kanada bazarına da tədarük edilir. Şirkət noyabr ayında İtaliyaya 1200 cüt poliuretan çəkmə ixrac etməyi planlaşdırır. İllik istehsal gücü 510 min cüt olan müəssisə Avropa və Şimali Amerika bazarlarında mövqeyini genişləndirməyi hədəfləyir. Sənaye parklarının fəaliyyəti yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi baxımından da əhəmiyyətlidir.

Qarabağın iqtisadi inkişafında kənd təsərrüfatı xüsusi yer tutur. İşğaldan əvvəl bu ərazilər Azərbaycanın mühüm aqrar rayonları sırasında olub. Geniş əkin sahələri, münbit torpaqlar, su ehtiyatları və əlverişli təbii şərait bölgədə taxılçılıq, üzümçülük, heyvandarlıq və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar yaradır.

Hazırda bu potensialın yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində işlər görülür. 2026–2030-cu illəri əhatə edən kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair Dövlət Proqramı da aqrar istehsalın və emal sənayesinin genişləndirilməsi baxımından yeni imkanlar açır. Qarşıdakı illərdə müasir təsərrüfatların yaradılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi bölgənin ərzaq istehsalında rolunu artıra bilər.

Digər mühüm istiqamət yaşıl enerji sektorudur. Qarabağ və Şərqi Zəngəzur su, günəş və külək enerjisi potensialı ilə seçilir. Bu ərazilərdə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi həm bölgənin elektrik enerjisinə tələbatının ödənilməsi, həm də Azərbaycanın enerji strategiyasının şaxələndirilməsi baxımından əhəmiyyətlidir.

Artıq ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istifadəyə verilib. Bu göstərici bölgənin enerji potensialının iqtisadi resursa çevrilməsi istiqamətində görülən işlərin miqyasını nümayiş etdirir. Gələcəkdə günəş və külək enerjisi layihələrinin genişləndirilməsi Qarabağın yaşıl enerji məkanına çevrilməsinə, eyni zamanda, ölkənin bərpaolunan enerji istehsalının artmasına töhfə verə bilər.

Bölgədə iqtisadi fəallığın artması maliyyə sektorunda da müşahidə olunur. Bu il avqustun 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşları 576 milyon manatı ötüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artım deməkdir. Şərqi Zəngəzur iqtisadi rayonunda isə kredit qoyuluşları 35,1 milyon manata çataraq illik müqayisədə 2,7 dəfə yüksəlib. Bu göstəricilər bölgədə sahibkarlıq fəaliyyətinin genişlənməsi və maliyyə resurslarına tələbatın artması baxımından diqqətəlayiqdir.

Bütün bunlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi tədricən daha geniş iqtisadi məzmun qazanır. Qarşıdakı dövr üçün əsas hədəf yaradılan infrastrukturun real iqtisadi nəticələrə çevrilməsi, istehsalın genişləndirilməsi, özəl investisiyaların artırılması və dayanıqlı məşğulluğun təmin edilməsidir. Bölgənin iqtisadi potensialından səmərəli istifadə edilməsi onun ölkə iqtisadiyyatına töhfəsini artırmaqla yanaşı, yeni inkişaf mərkəzlərinin formalaşmasına da imkan verəcək.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью