Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. 8 noyabr zəfər günümüzdür.
Tariximizin ən keşməkeşli, torpaq həsrəti ilə yaşadığımız əzab-əziyyətli 30 ilə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın zəfərini dünyaya çatdıran böyük qələbə günüdür.
Azərbaycan xalqını ən məğrur, yenilməz xalq kimi, ordumuzu isə dünyanın ən güclü, peşəkar ordusu kimi təsbit edən bu gün tarixə qızıl hərflərlə yazılıb.
Tarixi zəfərimizin əsasında Azərbaycan xalqının səbri, dözümü və müdrikliyi, əsgərlərimizn döyüş meydanında qəhrəmanlığı, rəhbərlərimizin diplomatik müstəvidə qazandığı uğurlar durur.
2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu.
2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi.
2020-ci il iyul ayında Ermənistan ordusunun yeni təxribatlarına cavab olan Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi səhifə kimi daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisəyə çevrildi.
2020-ci il 27 sentyabrda düşmənin təxribat cəhdlərinə cavab olaraq Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin torpaqlarımızın azadlığı uğrunda verdiyi döyüş əmri çoxdan gözlədiyimiz taleyüklü məsələnin həllini sürətləndirdi.