Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Respublikamızın füsunkar guşələrindən biri olan Laçın rayonu Azərbaycan tarixində, mədəniyyətində və ictimai həyatında özünəməxsus yeri olan qədim yaşayış məskənlərindən biridir. Zəngin təbiəti, dağları, meşələri, çayları, tarixi-mədəni irsi və özünəməxsus həyat tərzi ilə seçilən bu şəhər uzun illər düşmən tapdağında olub. İşğalçı Ermənistan 30 il ərzində Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçında coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi, müxtəlif xarici ölkələrdən, əsasən də Suriyadan olan erməniəsilli ailələrin burada məqsədyönlü məskunlaşdırılması və bununla demoqrafik tərkibin dəyişdirilməsi siyasəti aparırdı. Bu kimi əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayətlər dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Ancaq dünya onillər boyu ermənilərin bu insanlıqdan kənar vəhşiliklərini görməzdən gəldiyi üçün tarixi ədaləti Azərbaycan özü öz gücünə bərpa etməli oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı cəmi 44 gün sonra ölkəmizin tam qələbəsi və düşmənin rüsvayçı kapitulyasiyası ilə nəticələndi. Beləliklə, Vətən müharibəsində qazandığımız tarixi zəfər sayəsində xalqımızın Qarabağ, Şərqi Zəngəzur həsrəti başa çatdı.
Döyüş meydanlarında ağır məğlubiyyətlə üzləşən mənfur düşmən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da, dövlət başçımızın diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində Laçın şəhəri, həmçinin rayonun Zabux və Sus kəndləri heç bir güllə atılmadan Azərbaycana təhvil verildi. Sözügedən bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri 2022-ci il avqustun 26-da Laçın şəhərini həmişəlik tərk etdilər.
Artıq dörd ildir ki, gözəl,füsunkar təbiəti göz oxşayan, qədim Laçın şəhəri azadlığın bəxş etdiyi xoşbəxt günlərini yaşayır. Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında Laçın rayonunun və xüsusilə Laçın şəhərinin strateji mövqeyi, tarixi taleyi və bu gün qazandığı yeni inkişaf nəfəsi xüsusi yer tutur. 26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Laçın şəhərinin işğaldan azad olunmasının rəmzi olmaqla yanaşı, doğma torpaqlara qayıdışın,milli iradənin, dövlət gücünün və Böyük Qayıdış prosesinin təntənəsini ifadə edir.Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü kimi təsis edilib.
Tarixi qələbəmizin ardınca azad edilən torpaqlarda başladılmış misli görülməmiş bərpa-quruculuq işləri, düşmənin xarabalığa çevirdiyi yurd yerlərinin dirçəldilməsi, genişmiqyaslı infrastrukturun qurulması layihələri uğurla reallığa çevrilməkdədir. Bütün bu işlər işğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev birbaşa rəhbərliyi sayəsində reallaşır. Qürurla söyləmək olar ki, dövlət başçısının tapşırığına əsasən, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş digər ərazilərində olduğu kimi, Laçında da bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü davam edir, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq geri qayıdan sakinlərinin sayı artıqca Laçın yenidən öz xoşbəxt günlərinə dönür.
Laçının bərpası təkcə daxili yox, həm də beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyır. 2025-ci ilin mayında istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı bölgənin həm strateji təhlükəsizlik, həm də iqtisadi və turizm inkişafı baxımından imkanlarını qat-qat artırıb. Azərbaycanın ən yüksəkdə yerləşən hava limanı təkcə Laçını deyil, Şuşa və Kəlbəcəri də dünyaya bağlayır.
Laçının işğaldan azad edilməsi təkcə coğrafi bütövlüyün bərpası deyil, həm də xalqımızın milli iradəsinin qələbəsi idi. Bu gün Laçın Azərbaycanın ən müasir şəhərlərindən birinə çevrilməklə, orada həm ekoloji, həm də sosial baxımdan müasir həyat standartları yaradılır. Yeni evlər, məktəblər, xəstəxanalar, turizm və mədəniyyət obyektləri ilə Laçın təkcə yerli sakinlər üçün deyil, həm də beynəlxalq qonaqlar üçün cazibə mərkəzinə çevrilir.
Ölkə başçısının da qeyd etdiyi kimi, işğaldan azad olunmuş bütün rayonlarda, o cümlədən Laçında əhali üçün hər cür şərait yaradılacaq və infrastruktur bərpa olunacaqdır.Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Azadlığın mübarək Laçın! Qarabağ Azərbaycandır!
Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri