Azadlıq mübarizəsinin ilk qələbəsi

29.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

35 il əvvəl bugünlərdə bədxahlarımız inanmazdı ki, rəsmi Bakı çox keçmədən dünyanın güc mərkəzlərində qəbul ediləcək

Bu sətirləri qələmə almaq üçün zamanın diktəsinə əməl etmək istədim. Daha doğrusu, gənc nəsil jurnalistikamızın iş metodundan bəhrələnməyə çalışdım. Yəni süni intellektin bu barədə deyəcəyi fikirləri öyrənməyə səy göstərdim. Bilmək istədim ki, təbii intellektlə 30 ildən çox yazdığımız tarixi faktlara süni intellektin münasibəti necədir?

Gördüm ki, həmin münasibət bax, bu şəkildədr: “1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında deputat Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış edib. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin il oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi”.

Daha nə fərqi oldu? Biz də elə həmişə bu şəkildə yazmışıq da. Əlavə edək ki, əslində, həmin tarix rəsmən müstəqilliyin bərpası günü sayıla bilərdi. Ancaq o dövrün ictimai-siyasi prosesləri, bir az da dəqiqləşdirsək, siyasi iradənin yetişməsi başqa bir günə – oktyabrın 18-nə təsadüf etdi. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub.

Xatırladaq ki, “Konstitusiya Aktı”nın preambulasında istinad edilən əsaslardan biri məhz 30 avqust Bəyannaməsidir. Orada yazılırdı: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”. Ona görə qürurla deyə bilərik ki, əbədi müstəqilliyimizin təməli məhz 1991-ci il 30 avqust tarixli Bəyannamə ilə qoyulub. Ancaq bu zaman unutmaq olmaz ki, ölkəmizi müstəqilliyə aparan yol öz başlanğıcını 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasından götürmüşdü. Tarixçilər yazırlar ki, 1990-cı il iyulun 20-də Moskvadan Bakıya qayıdan Heydər Əliyev iki gün sonra – 22 iyul tarixində Naxçıvana yola düşüb. 30 sentyabr 1990-cı il tarixində isə o, Azərbaycan SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat seçildi. Məhz onun təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etmişdi.

Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi.

Qayıdaq Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasına. Yuxarıda qeyd etdiyimiz kimi, Ulu öndər həmin ali məclisdə Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edilsə də, təəssüflər olsun ki, müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zaman hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala müstəqilliyin itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəzləyən iqtidarlar, əslində, dövlətçiliyi deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər.

Ölkənin həmin məşəqqətli günlərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin tələb və istəyi ilə hakimiyyətə gələn Heydər Əliyev bu çətin missiyanı öz üzərinə götürərək müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. Ulu öndərin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı. Həmin istiqamətdə əldə edilmiş nəticələr isə bu gün bütün dünyanın gözünün qarşısındadır.

2003-cü ilin oktyabrında xalqın böyük etimadı nəticəsində siyasi hakimiyyətə gələn Prezident İlham Əliyev gənc müstəqil Azərbaycan dövlətini bugünkü uğurlar zirvəsinə qaldırmaq üçün məhz Heydər Əliyev siyasi kursuna əsaslandı. Bunun sayəsində 30 avqust 1991-ci il Bəyannaməsində nəzərdə tutulan bütün məqsədlərə çata bildik. Prezident İlham Əliyev öz siyasi fəaliyyətində “Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini dərk edərək”, “Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək”, “Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq”, “Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq”, “Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək, “Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək” qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən məharətlə gəldi. Bütün bu prinsiplər Heydər Əliyev siyasi kursunun tərkib hissələri və 30 avqust Bəyannaməsinin əsas tezisləri idi.

Həmin tarixi sənədin qəbul edilməsindən 35 il keçir. Bir daha təkrar etmək istərdik ki, o dövrdə kimsə inanmazdı ki, rəsmi Bakı nə zamansa dünyanın əsas güc mərkəzlərinin maraq dairəsinə düşəcək, BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Bizə ərazi iddiaları sürənlərin özləri də, havadarları da inana bilməzdilər ki, nə zamansa onlar Azərbaycana möhtac olaraq təkcə sülh istəməyəcək, iqtisadi kömək də umacaqlar. Bu, əvvəli çətin missiyanın uğurlarla sonuclanması deməkdir. Heç kəs xəyala belə gətirə bilməzdi ki, Bakı Vaşinqton və Pekin kimi böyük güc mərkəzlərinin tərəfdaşına, müttəfiqinə çevriləcək, Türk dünyasını qarşıya qoyulmuş vəzifələrə doğru aparan lokomotivlərdən biri olacaq, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi geniş əraziləri əhatə edən ölkələrin ön sırasında gedəcək, kosmosda özünəməxsus fəaliyyət göstərəcək.

Bəli, o vaxt heç kəs inana bilməzdi. Ancaq bu gün hamı inanır.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью