Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliya A Seriyasının 23-cü turunda keçirilən "Latsio" - "Cenoa" matçı qalmaqallı anlarla yadda qalıb. Roma klubunun azarkeşləri rəhbərliyə etiraz əlaməti olaraq "Olimpiko" stadionunu demək olar ki, boş qoyublar.
QOL.az xəbər verir ki, təxminən 30 min azarkeş klub prezidenti Klaudio Lotitoya qarşı boykot elan edib.
Etiraza səbəb rəhbərliyin ambisiyasızlığı, transfer siyasətindəki məhdudiyyətlər və son vaxtlar Lotitonun iştirakı ilə yayılan qalmaqallı səs yazıları olub. Klubun rəsmi bəyanat yayaraq boykot çağırışlarını "qəbuledilməz" adlandırması isə azarkeşləri daha da qəzəbləndirib və onlar bunu hüquqlarının tapdanması kimi qiymətləndiriblər.
Stadionda adətən eşidilən azarkeş küyünü bu dəfə sükut əvəz edib. Fanatlar stadionu tərk etməzdən əvvəl "Xəyalsız, sadəcə sağ qalmaq bizə lazım deyil" məzmunlu sərt mesajın yazıldığı baner açıblar.
Mauritsio Sarrinin yetirmələri azarkeş dəstəyindən məhrum olsalar da, dramatik qələbə qazanmağı bacarıblar. 90+10-cu dəqiqədə Danilo Kataldi penaltini dəqiq yerinə yetirərək komandasına qələbə gətirib.