futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Kəpəz” Misli Premyer Liqasında VIII turda “Zirə” ilə heç-heçə edib – 1:1. Gəncə təmsilçisi çempionatda ardıcıl 4 oyundur, məğlub olmur. Komanda bu görüşlərdə 2 qələbə qazanıb, 2 heç-heçə edib.
“Kəpəz”in futbolçusu Vadim Abdullayev “sarı-göylər”in çıxışı ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– 4 oyunluq seriya yaxalamısınız. Çıxışınızı necə qiymətləndirirsiniz?
– Şükür Allaha, mübarizliyimiz sayəsində xallar qazanırıq. Bu, sevindiricidir.
– Nəticələr eyforiya yaratmaz?
– Xeyr. Bizim kimi komandalara rahatlaşmaq olmaz. Motivasiyamızı daim yüksək saxlamalıyıq. Yolumuz uzundur, hədəfə çatmaq üçün sona kimi mübarizə aparacağıq.
– Komanda Gəncə şəhər stadionunda daha inamlı təsir bağışlayır. Bu barədə nə düşünürsünüz?
– Gəncədə möhtəşəm atmosfer var. Fanatlarımız ilk dəqiqədən sona kimi bizə dəstək olurlar. Onlar bizim motivasiya mənbəyimizdir. Azarkeşlərimiz üçün mübarizə aparmağa borcluyuq.
– Növbəti turda rəqibiniz “Şəfa” olacaq. Matçdan gözləntiləriniz nədir?
– Məqsədimiz qələbə qazanmaqdır. Hər rəqibə hörmətlə yanaşırıq. Bütün görüşlərə yaxşı nəticə əldə etmək niyyəti ilə çıxırıq.
– Bu mövsüm çox şans qazanmırsınız. Oyun praktikanızla bağlı narazılığınız yoxdur?
– Hər futbolçu daha çox oynamaq istəyir. Bunun üçün çalışmaq, mübarizə aparmaq lazımdır. Məşqlərdə əlimdən gələnin yaxşısını edirəm ki, şans qazanım. İnanıram ki, zəhməti gec-tez bəhrəsini verəcək. Nə zaman meydana çıxsam, bütün gücümü qoyuram. Kimin oynaması məşqçinin qərarıdır və buna hörmətlə yanaşıram. Komandamızda əla atmosfer var.
Şahin Cəfərov