Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
“AZCON Holding” (Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi) ilə “DP world” şirkəti arasında liman, logistika, gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb. Sənəd liman əməliyyatlarının optimallaşdırılması, rəqəmsallaşdırılması və avtomatlaşdırılması, eləcə də müasir liman texnologiyalarının tətbiqi üzrə təcrübə və ekspertiza mübadiləsini nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər Azərbaycanda və Xəzər regionunda liman və logistika infrastrukturunun inkişafı, yeni investisiya imkanlarının araşdırılması, eləcə də neft-qaz sektoruna xidmət göstərəcək dəniz gəmilərinin birgə maliyyələşdirilməsi və istismarı üzrə potensial əməkdaşlıq modellərini nəzərdən keçirəcəklər.
Əməkdaşlığın digər istiqaməti Azərbaycanda gəmiqayırma və gəmi təmiri imkanlarının inkişafı, mövcud istehsal güclərindən istifadənin artırılması və Xəzər regionunda müvafiq xidmətlərin genişləndirilməsidir. Tərəflər, həmçinin liman idarəçiliyi üzrə əməkdaşların təlimi, bilik mübadiləsi və qabaqcıl təcrübələrin paylaşılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
Qeyd edək ki, “DP world” Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən, qlobal logistika, liman operatorluğu və təchizat zənciri xidmətləri göstərən transmilli nəhəng şirkətdir. Şirkət 2005-ci ildə Dubai Ports Authority (DPA) və Dubai Ports International (DPI) qurumlarının birləşməsi yolu ilə yaradılıb.
“DP world” şirkətinin əsas fəaliyyət sahəsinə dünyanın müxtəlif ölkələrində dəniz və quru terminallarının (limanların) idarə edilməsi, logistika, azad iqtisadi zonaların qurulması və rəqəmsal ticarət həlləri daxildir. Hazırda dünyadakı ümumi qlobal konteyner daşımalarının 10 faizindən çoxunu məhz bu şirkət idarə edir. “DP world” dünyanın 80-dən çox ölkəsində yüzlərlə biznes vahidi və 100 mindən çox işçi qüvvəsi ilə fəaliyyət göstərir. Dubaydakı məşhur “Cəbəl Əli” limanı və azad ticarət zonası isə bu şirkətin ən böyük aktivlərindəndir.
“DP world” Azərbaycanda Ələt Azad İqtisadi Zonasının konsepsiyasının hazırlanmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində və inkişaf planında hökumətə əsas məsləhətçi şirkət kimi cəlb olunub.
XQ