Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı çərçivəsində keçirilmiş “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirak edib.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını deyib. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin roluna toxunan dövlətimizin başçısı bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd edərək bildirib ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən 13 milyard kubmetrə qədər artırıb.
Bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini deyə dövlət başçısı qaz təchizatını artırmağı planlaşdırdığımızı, bu xüsusda yeni yataqların kəşf edildiyini vurğulayıb. Qeyd edək ki, Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev bir sıra ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlər keçirib, fikir mübadiləsi aparıb.
Bununla bağlı "Cebheinfo.az"-a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Azər Badamov deyib ki, "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısı Azərbaycan ilə Avropa dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsi, siyasi dialoqun intensivləşdirilməsi və yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm beynəlxalq tədbirlərdən biri kimi diqqət çəkir:
“Sammit çərçivəsində keçirilən müzakirələr Avropanın gələcək inkişaf prioritetləri ilə yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və regional sabitlik kimi aktual məsələləri də əhatə edir. Prezident İlham Əliyevin tədbirdə iştirak edən dövlət və hökumət başçıları ilə təmasları Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
O qeyd edib ki, toplantının gündəliyində rəqabətqabiliyyətli Avropa, innovasiya, enerji və nəqliyyat bağlantılarının xüsusi yer tutması Azərbaycanın strateji əhəmiyyətini bir daha təsdiqləyir:
"Ölkəmiz Avropanın enerji təminatının şaxələndirilməsində, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında və regionlararası iqtisadi əlaqələrin gücləndirilməsində mühüm tərəfdaşlardan biridir. Bu amillər Azərbaycan-Avropa münasibətlərinin qarşılıqlı fayda, etimad və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini göstərir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasətin mühüm nəticələrindəndir. Bu siyasət Avropa dövlətləri ilə siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin meydana çıxmasına imkan yaradır.
Dövlət başçısının beynəlxalq görüşlərində enerji resurslarının təchizatı, nəqliyyat-logistika marşrutlarının inkişafı və iqtisadi tərəfdaşlığın yeni imkanları əsas müzakirə mövzuları sırasında yer alır. Enerji sahəsində Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Hazırda ölkəmiz Avropanın 10 dövlətinə təbii qaz ixrac edir və gələcəkdə bu göstəricinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Bununla yanaşı, Azərbaycanın Avropa bazarına xam neft tədarükündəki rolu da ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfənin mühüm göstəricisidir.
Beləliklə, Azərbaycan Avropanın enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsində strateji əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, iqtisadi əməkdaşlığın genişlənməsi də Azərbaycan-Avropa münasibətlərinin mühüm istiqamətlərindəndir:
"Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin 15,11 milyard səviyyəsinə çatması və tranzit daşımalarının artması tərəfdaşlığın iqtisadi potensialını nümayiş etdirir. Xüsusilə ölkəmizin əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsində Azərbaycanın rolunu artırır.
Perspektiv əməkdaşlıq istiqamətlərindən biri də “yaşıl enerji” sahəsidir. Azərbaycan bərpa olunan enerji potensialından istifadə etməklə Avropa bazarına “yaşıl enerji” ixracını genişləndirməyi hədəfləyir. Xəzər və Qara dəniz vasitəsilə reallaşdırılması nəzərdə tutulan “yaşıl enerji” kabeli layihəsi, eləcə də Türkiyə üzərindən yeni enerji bağlantılarının yaradılması bu sahədə regional əməkdaşlığın miqyasını genişləndirə bilər.
Bu təşəbbüslər Azərbaycanın enerji siyasətində ənənəvi resurslarla yanaşı, alternativ və dayanıqlı enerji mənbələrinin də prioritet təşkil etdiyini göstərir.
Bütün bu amillər təsdiq edir ki, Azərbaycan ilə Avropa arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır və enerji münasibətlərindən daha geniş məzmun kəsb edir. Siyasi dialoq, ticarət, nəqliyyat-logistika, regional təhlükəsizlik və “yaşıl enerji” sahələrində formalaşan tərəfdaşlıq əlaqələri qarşılıqlı maraqların təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyevin fəal xarici siyasəti Azərbaycanın beynəlxalq platformalardakı mövqeyini gücləndirməklə yanaşı, Avropa dövlətləri ilə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına da zəmin yaradır. Bu baxımdan "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısı Azərbaycan-Avropa münasibətlərinin gələcək inkişafı, mövcud tərəfdaşlıq mexanizmlərinin möhkəmləndirilməsi və yeni iqtisadi-siyasi imkanların müəyyənləşdirilməsi üçün əhəmiyyətli platformadır.
Azərbaycanın enerji, nəqliyyat və regional bağlantılar sahəsində artan rolu ölkəmizin Avropa üçün etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı Azər Badamov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin