Mia.az saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ"la oyunlarda futbolçulara psixoloji rahatlıq lazımdı. O halda Premyer liqanın ən güclüsü olan Ağdam klubuna qol vurmaq mümkündü. Bunun məntiqi təsdiqinə dair mesaj bu gün Yevlaxda ev oyunu keçirən "Kəpəz"in baş məşqçisi Azər Bağırovdan gəlib.
Mia.az xəbər verir ki, "Kəpəz" Misli Premyer liqasının 18-ci turu çərçivəsində keçirilən oyunda "Şamaxı"ya 0-2 hesabıyla uduzandan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi maraqlı açıqlamasıyla diqqəti cəlb edib.
Mia.az-ın əməkdaşının sualına cavabından belə çıxır ki, əslində, qalibiyyət üçün futbolçulara psixoloji rahatlıq lazımdı:
-Azər müəllim, keçmiş olsun. Adətən belə məğlubiyyətlər fərqli söz-söhbət yaradır. Çünki sizin bundan əvvəl çox güclü komanda üzərində qələbəniz vardı. "Qarabağ" üzerində elə böyük qələbədən sonra "Şamaxı" kimi turnir cədvəlində elə də yüksək yerdə olmayan kluba uduzmaq "Qarabağ" üzərində qələbənizin məsumiyyətini və səmimiliyini şübhə altına almırmı, sizcə?
- Belə söz-söhbətlər demək olar ki, bütün komandaların oyunlarında ola bilər. Güclü olmayan komandalarla oyunlarda futbolçular psixoloji baxımdan daha çox gərilir, həyəcan keçirir. Çünki onlardan gözləntilər var: qol vurmaq, yaxşı oynamaq, xal qazanmaq. Bu tələblərlə psixoloji olaraq yüklənən, pressinq altında qalan futbolçular özünü itirir. Futbolçunu qorxudursan ki, mütləq bu oyunu udmalıyıq, turnir cədvəlində yerimiz pisdir və s. Məsələn, bu gün mənim futbolçularımda o təzyiq vardı. Amma "Qarabağ" kimi komandalarla oynayanda futbolçuya təzyiq edə bilmirsən. Yəni, bu, "Qarabağ"dı, ən güclü komanda. Nə tələb etmək olar oyunçudan? Oyunçu da bilir ki, uduzsa belə, onu danlayan olmayacaq. Belə rahat əhvali-ruhiyyədə meydana çıxanda oynamaq, qələbə qazanmaq da asanlaşır.
- Yəni, mən belə başa düşdüm ki, bu günki oyunda məğlubiyyətin səbəbi futbolçuların keçirdiyi həyəcan hissi olub.
-Bəli, psixoloji təzyiq yoxdusa, futbolçu rahat oynayır. Turnir cədvəlində bir-birinə yaxın komandalar arasındakı oyunlarda belə psixoloji məqamların çox təsiri var. Bu çür təzyiq altında adətən meydanda yalnış qərarlar verilir.
Zülfiyyə Mustafayeva
Mia.az
Yevlax