Azər Bağırovun gəlişindən sonra irəli gedirik Orxan Əliyev

10.11.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Kəpəz”in hücumçusu Orxan Əliyevin QOL.az saytına müsahibəsi

- “Sabah”la oyunda 1 xal qazandınız. 2:2-lik heç-heçəni necə şərh edərdin?

- Oyun gərgin keçdi. Hesabı erkən açdıq. Düzdür, “Sabah”ın da qol şansları var idi. Matçın gedişatında hesabda geri də düşdük. Şükürlər olsun ki, sonda xal qazana bildik. 

- Maraqlıdır ki, həm qol vurdun, həm də avtoqol müəllifi oldun...

- İstəməzdim belə alınsın. Avtoqolun qeydə alındığı epizodda əvvəlcə topu çıxarmaq istəyirdim. Müdafiəçimiz daha cəld tərpəndi və uzaqlaşdırdığı top mənə dəyib qapıya daxil oldu. 

- Demək olar ki, Azər Bağırovun gəlişindən sonra “Kəpəz” toparlanıb?

- Bəli, son oyunlar bunu göstərir. Artıq 7 xalımız var. İrəli gedirik. Çalışacağıq ki, bundan sonra da hamımız bir olaq və xallar qazanaq. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni etməliyik. 

- Səncə, çempionatdakı fasilə “Kəpəz”in xeyrinə olacaq?

- Fasilə öncəsi son oyunu uduzmadıq. Bu səbəbdən də fasiləyə yaxşı əhval-ruhiyyədə gedirik. İndi əvvəlcə istirahət etməliyik. Daha sonra çalışmalar başlayacaq. Düşünürəm ki, fasilə bizə faydalı olacaq. 

- Fasilədən sonra ilk oyun sabiq klubun “Araz-Naxçıvan”a qarşı olacaq. Həmin matçdan gözləntilərin nədir? 

- Hazırda həmin oyun barədə düşünmürük. Bir neçə gündən sonra sırf “Araz-Naxçıvan”la oyunun hazırlıqlarına başlayacağıq. Məşqçilər korpusu rəqibi analiz edəcək, bizə lazımi məlumatları çatdıracaqlar. Yaxşı, maraqlı oyun olacaq. Meydana qələbə üçün çıxacağıq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью