Azər Həsrət: “Azərbaycanda manqurtlaşan kəsim var”

07.10.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Keyfiyyətli təhsil yalnız rus məktəbindədir” düşüncəsi təhlükəlidir" “Xəlvətdə rus dilində dil tökürlər”

"Azərbaycanda manqurtlaşan kəsim var. Bir çox azərbaycanlı elə bilir ki, gələcək və keyfiyyətli təhsil yalnız rus bölməsindədir".

Sherg.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Azər Həsrət oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli tərəfindən təqdim edilən, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın "Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" adlı kitabının təqdimat mərasimində səsləndirib.

Analitikin sözlərinə görə, cəmiyyətdə təhsilə qarşı yanlış münasibət formalaşıb:

"Azərbaycanlılar sanki yatıb-durub elə bilirlər ki, keyfiyyət və gələcək yalnız rus məktəbindədir. Özəlliklə etnik azlıqların nümayəndələri uşaqlarını israrla rus məktəblərinə oxutdurmaq istəyirlər. Hətta Xaçmazın bir nəfər də rus sakini yaşamayan kəndində rus məktəbi fəaliyyət göstərir".

Rusiya Elmlər Akademiyasının apardığı son tədqiqata diqqət çəkən ekspert, dəhşətli reallığı üzə çıxarıb:

"Tədqiqata görə, Rusiya ərazisindəki 155 dildən yalnız rus dilinin yaşamaq gücü qalıb. Yerdə qalan bütün dilləri, başda türk dilləri olmaqla, yoxolma gözləyir. Məsələn, Dərbənddə rəsmi Azərbaycan dilində “Dərbənd” qəzeti çıxır. Amma günü bu gün də Rusiya qanunvericiliyinin tələbi ilə kiril əlifbası ilə nəşr olunur. Gürcüstan da eyni metodlarla bizi dilimizdən uzaqlaşdırmağa çalışır".

Siyasi şərhçi Gürcüstandakı azərbaycandilli məktəblərdə VII sinif tarix dərsliyi üçün hazırlanmış iş dəftərinin üz qabığının erməni dilində çap olunması faktına da sərt reaksiya verib:

"Gürcüstanda Azərbaycan məktəblərinə üst qabığı erməni dilində olan kitab göndərmək birbaşa Azərbaycana təhqirdir".

İranın bölgədəki ideoloji təsirinə toxunan analitik, Gürcüstandakı azərbaycanlılar üzərində təhlükəli nəzarətin qurulduğunu açıqlayıb:

"İranın fars-molla rejimi Gürcüstanın tən ortasındadır. Bizdən çox oradadırlar! Mollalar bütün türkləri nəzarət altında saxlayır, məzhəb ayırıseçkiliyi salırlar. Hətta internetə düşən videoların birində türkmənşəli fars mollası açıq şəkildə türkləri düşmən adlandırır".

Ana dilimizə sahib çıxmağın vacibliyini vurğulayan A.Həsrət, Azərbaycan rəsmilərinin bu məsələdəki ikili standartlarını da tənqid edib:

"Bu yaxınlarda Milli Məclisdə xaricdəki Azərbaycan dilinin vəziyyəti ilə bağlı dinləmə keçirdilər. O dinləməni təşkil edənlərin bir çoxu üzdə azərbaycanca danışsalar da, kabinetlərinə keçən kimi xəlvətdə rus dilində dil tökürlər! İndi bunlar durub, xaricdə ana dilimizin taleyini müzakirə edəcəklər?! Azərbaycan dilinə münasibət, ilk növbədə, öz rəhbər şəxslərimiz arasında dəyişməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью